Zeynəb Özbatur: “Dünyanı heyrətləndirən filmlər çəkmək üçün zəngin tarix və mədəniyyətiniz var”
   
   Xəbər verdiyimiz kimi, bu yaxınlarda Bakı Film İnstitutunun dəvəti ilə məşhur türkiyəli prodüser Zeynəb Özbatur Atakan prodüser kurslarında treninqlər keçmək üçün Bakıya gəlmişdi. Fürsətdən istifadə edib onunla görüşdük.
   
   Filmləri bir çox kinofestivallarda uğur qazanan Zeynəb Atakan 1986-cı ildən reklam sektorunda çalışıb. Sonra film sektorunda fəaliyyətə başlayıb, 1994-cü ildə Türkiyədə co-prodakşının qurucularından biri olub. 2008-ci ildə “Zeyno Film” şirkətini qurub. 2010-cu ildən İstehsal Laboratoriyası -«YAPIMLAB» adı altında qurduğu emalatxanada prodüserlik təhsili verir. Zeynəb Özbatur dünya şöhrətli türk rejissor Nuri Bilge Ceylanın çoxsaylı mükafatlara layiq görülən “İqlimlər”, “Üç meymun”, “Bir zamanlar Anadoluda” və s. filmlərinin prodüseridir. Həmsöhbətimizin öncə Türkiyədə kino istehsalında özəllikləri, prodüser işi barədə fikirlərini öyrəndik:
   - Bu prosesə iki yanaşma var. Əgər, sadəcə, tamaşaçı üçün film çəkilirsə, Amerika kino üslubuna önəm verilirsə, bu zaman proses, təbii ki, sadəcə, bir fikirdən başlayır və davam edir. Əgər yaradıcı kinodan söhbət gedirsə, sənətkar təfəkkürünə, düşüncəsinə önəm verilirsə, bu zaman prodüser yaradıcı məsələlərə qarışmayaraq yalnız texniki məsələləri həll edir. Belə filmlər mənim üçün daha vacibdir. Türkiyədə prodüser işi elə də asan deyil. Çünki maliyyə imkanları tapmaq böyük zəhmət tələb edir. Ona görə prodüserin lider özəlliyi olmalı, hər şeyi toplamağı, idarə etməyi bacarmalıdır. Önəmli olan kino işini sevməkdir. Mən də bu sahəyə gələnədək uzun yol keçmişəm. Tam olaraq 1998-ci ildən kinoprodüser kimi böyük layihələrə qoşuldum.
   - Bir neçə rejissorla işləmisiniz. Çəkilən filmlərdə aktyor seçiminə təsir edirsiniz?
   - Mənə görə filmin əsas yaradıcısı rejissordur. Kiminlə istəməyi də o seçir. Azad seçim olmalıdır. Mən isə prodüser kimi hazırlıq mərhələsində aktyorla bağlı, sadəcə fikrimi deyə bilərəm, lakin son söz həmişə, rejissorundur.
   - İşlədiyiniz filmlər “art-house” janrında, festival filmləridir. Onlara pul tapmaq elə də asan deyil. Bu işin öhdəsindən necə gəlirsiniz?
   - Mövcud layihəni, rejissorun filmə gətirə biləcəyi yaradıcı tərəfləri görüb yaxşı dəyərləndirmək vacib məsələdir. Prodüseri olduğum filmlərimin büdcəsi elə də çox deyil. “Bir zamanlar Anadoluda” ən çox büdcəsi olan filmimdir. Ən az büdcəli isə “İqlimlər” filmidir ki, ona 1,5 milyon avro vəsait sərf edilib.
   - Filmin uğuru onun piarından da asılıdır. Bu sahədə Türkiyə kinosunda vəziyyət necədir?
   - Bu gün piar bütün dünyada çox önəmlidir. Burada əsas məsələ düzgün əlaqələrin qurulmasıdır. Filmə tamaşaçı cəlb etmək üçün şişirtmə reklamlar yaymaq düzgün deyil. Düzgün, doğru və strategiyalı piar daha faydalı ola bilir. Hazırda “sosial media” anlayışı meydana gəlib və piarın bir qismi bu müstəvidə aparılır. İstənilən halda düzgün piar kino üçün vacibdir.
   - Dərs prosesində bizim tələbələr necə təsir bağışladı?
   - Burada da Türkiyədəki tələbələrdə olan ortaq cəhətləri gördüm. Həyəcanlıdırlar, tələsirlər, nəticəni tezliklə görmək istəyirlər. Yaradıcıdırlar. Analiz etmə bacarıqları çox yaxşıdır.
   - Azərbaycan kinosu barədə nə deyə bilərsiniz?
   - Düzü, Azərbaycan kinosu haqqında geniş məlumatım yoxdur. Sizin prodüserlər filmlərini təqdim ediblər və onlara baxacağam. Özümə də maraqlıdır. Müştərək filmlərin çəkilməsi yaxşı olardı. Türkiyə kinosunun da inkişafı müştərək layihələr sayəsində oldu. 90-cı illərdən bu proses başladı və tədricən işbirliyi öz nəticələrini verməyə başladı. Bir-birini təkrarlamayan, orijinal fikirləri olan, eyni zamanda bütün dünyanı maraqlandıran məsələlərdən bəhs edən filmlərin çəkilməsi daha yaxşı olar.
   - Bakını necə gördünüz?
   - Çox təsirləndim. İçərişəhəri xüsusilə bəyəndim. Mənə elə gəldi ki, başqa dünyaya düşmüşəm. Ölkənizdə zəngin tarix və mədəniyyətin olduğunu hiss etdim. İnsanlar da çox istiqanlıdırlar. Eyni dili danışırıq, eyni mədəniyyəti daşıyırıq. Əsas odur ki, dünyanı heyrətləndirən filmlər çəkmək üçün burada böyük tarix və mədəniyyət gördüm.
   
   Söhbətləşdi: Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar