Xanəndə Səttar. XIX əsrdə şöhrəti ölkəmizin hüdudlarını aşan, musiqi mədəniyyəti tariximizdə böyük hörmətlə yad edilən sənətkarlardan biri. Təəssüf ki, mənbələrdə onun təvəllüdü və vəfatı barədə səhih məlumat yoxdur. Həyatının və sənətinin coşqun çağları Tiflis şəhərində keçib. Haqqında müəyyən bilgiləri daha çox müasirləri olan əcnəbilərin qeydlərindən əldə etmək mümkündür.
Aleksandr Barnov “Köhnə Tiflisin musiqiçiləri” kitabında qeyd edir ki, Səttar təxminən XIX əsrin 20-ci illərində Ərdəbil şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. Parlaq istedadı və şirin ləhcəsi olub. El şənliklərində və toylarda muğam və xalq mahnılarını diqqətlə dinləyib. Bir müddət sonra Şərqin görkəmli klassik şairlərindən Sədi Şirazi, Hafiz Şirazi, Məhəmməd Füzuli və başqalarının qəzəlləri üstündə muğam və təsnifləri ustalıqla ifa edir. Səttarın şan-şöhrəti tezliklə Məhəmməd şah Qacara çatır. Şah onu saraya dəvət edir. O, burada bir neçə il qalır.
1844-cü ildə Səttar Naxçıvana gəlir. Onun şərəfinə hər yerdə böyük məclislər qurulur. Naxçıvan məclislərinin birində məşhur gürcü şairi Nikolaz Barataşvili (1817-1845) ilə tanış olur. Barataşvili Azərbaycan musiqisini dərindən sevən və onu yüksək qiymətləndirən şəxs olub. O, rəfiqəsi Maiko Orbelianiyə məktubunda Səttar adlı xanəndə ilə dost olduğunu yazır. Onun son dərəcə gözəl səsə malik olduğunu qeyd edir.
O, Naxçıvanda uzun müddət yaşayır. Ancaq Tiflisin musiqi həyatı onun diqqətini cəlb edir. Bir müddətdən sonra İrəvana, 1845-ci ildə isə Tiflisə gedir. Valehedici səsi ilə şəhərdəki musiqisevərlərin rəğbətini qazanır. Hətta Tiflisdə yaşayan rus və italyan musiqiçiləri Səttarı öz konsert-tamaşalarına dəvət edirlər. 1847-ci ildə italyan skripkaçısı, Tiflis teatr orkestrinin dirijoru Malaqollinin konsertində muğam ifa edərək dinləyicilərin qəlbini oxşayır.
Tiflisdə çıxan “Qafqaz” qəzetində məqalələrdə onun ifaçılığı yüksək qiymətləndirilir. Musiqişünas L.Yapşevski yazır: “Konsertin sonunda cənab Malaqolli tərəfindən dəvət olunan müğənni Səttar bəy öz dəstəsinin müşayiəti ilə oxudu. Biz avropalılarda, bu musiqi böyük maraq oyatdı. Gələcəkdə mən bu musiqi haqqında ətraflı danışacağam”.
Mənbələrdə xanəndənin 1853-cü ildə Tiflisdə təşkil olunan beynəlmiləl konsertdə məşhur skripkaçı Millerlə çıxış etdiyi vurğulanır.
Səttarın rəngarəng repertuarı olub. O, “Zəminxarə”, “Dəşti”, “Rahab”, “Şüştər”, “Bayatı-İsfahan”, “Rast”, “Çahargah” muğamlarını böyük ustalıqla ifa edib. Çox vaxt Azərbaycan nəğmələrini rus, ləzgi və gürcü dillərində də səsləndirib. Tiflisdə xalq şənlikləri ilə yanaşı, Qafqaz canişininin iqamətgahında verilən rəsmi ziyafətlərə də dəvət olunub. Səttarın sənətkarlığı daha geniş miqyasda tanınıb, İran, Osmanlı və Rusiya hökumətləri onu orden və medallarla təltif edib.
Tanınmış xanəndə məşhur musiqişünas Mahmud ağa ilə dostluq edib. Bir gün onun məclisində görkəmli şair Seyid Əzim Şirvani ilə tanış olur. Səttarı dinləyən şair öz müxəmməslərinin birində onu tərif edib:
Ud hər ləhzə gəlib şurə deyir: ya Məbud,
Tar hər ləhzə gəlib vəcdə deyər: ya Səttar...
XIX əsrin birinci yarısında Qafqaza sürgün edilmiş dekabrist şair Yakov Polonski də muğam ustasına şeir həsr edib və bu bədii nümunə 1850-ci ildə “Qafqaz” qəzetində dərc olunub:
Səttar! Səttar! Nə yaman qəhərlidir ah-vayın,
O boğuq fəryadında göy kişnər, bulud ağlar.
Kamanın iniltisi, qavalın qəm harayı
Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar.
“Qafqaz” qəzetinin redaktoru O.Konstantinov bu şeirin altında Səttar haqqında kiçik bir qeyd də verib: “Tiflisdə Səttardan başqa iki xanəndə də məşhurdur. Bunların arasında həm rəqabət, həm də yarış vardır. Mən bunların üçünü də eşitmişəm. Birinciliyi isə Səttara verirəm. Onun səsindəki həzinlik və kədər motivləri avropalıların qəlbini titrətməklə ürəyində qəribə həyəcanlı hislər yaradır”.
Məşhur fransız yazıçısı Jül Vern “Arxipelaq alovlanır” əsərində Səttarın səsinə yüksək qiymət verərək yazır: “...Mən şəhəri gəzə-gəzə irəliləyirdim. - Cənab, - deyə çəlimsiz bir nəfər mənə müraciət etdi və o, mənim fikrimcə, çox adi görünən qonşu bir binanı mənə göstərir:
- Siz əcnəbisiniz?
- Şübhəsiz.
- Elə isə bir dəqiqə ayaq saxlayın və bu evə yaxşı tamaşa edin.
- Axı bu evdə tamaşa ediləsi nə var ki?
- Necə nə var, məşhur xanəndə Səttar bu evdə yaşamışdır, bu həmin adamdır ki, sinədən gələn zil səslə oxuyardı...”.
Tanınmış rus hərbçisi, general M.Olşevski də “Tiflis gündəliyi”ndə Səttardan bəhs edib. Onun bütün Gürcüstanı heyran qoyan məşhur müğənni olduğunu göstərib. Onu da qeyd edək ki, böyük xanəndənin obrazı “Səbuhi” (1941) bədii filmində yer alıb.
Tiflisdə vəfat edən xanəndə şəhərin müsəlman qəbiristanlığında dəfn olunub.
Savalan Fərəcov