Bu il görkəmli rəssam, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin anadan olmasının 110 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fırça ustasının yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
Şamil Həsən oğlu Qazıyev 1908-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda anadan olub. 1920-ci ildə ailəsi ilə birlikdə Naxçıvana köçüb. 1929-cu ildə Bakıda Rəssamlıq Məktəbini bitirən Ş.Qazıyev Naxçıvan Pedaqoji Texnikumunda rəsm müəllimi, “Kommunist”, “Şərq qapısı” və “Azərbaycan gəncləri” qəzetlərində rəssam, Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam işləyib, Naxçıvan Rəssamlıq Məktəbinin direktoru olub.
Bəhruz Kəngərli realizm məktəbini davam etdirən Ş.Qazıyev qrafika, natürmort, peyzaj, portret janrlarında maraqlı əsərlər yaradıb. Onun Naxçıvanın tarixi, təbiəti, adət-ənənələri, həyat və məişəti ilə bağlı çəkdiyi “Çoban”, “Xırmanda”, “Qalayçılar”, “Dəyirman”, “Lavaş yapanlar”, “Qaçqınlar”, “Çarıqçılar”, “Öküzlərin nallanması”, “Örtülü bazar”, “Naxçıvanda köhnə həyət” kimi əsərlər tarix və mədəniyyətimizin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ömrünün 50 ilini Azərbaycan təsviri sənətinin inkişafına həsr edən Ş.Qazıyev Naxçıvan teatrında 100-dən çox tamaşaya bədii tərtibat verib.
1980-ci ildə Bakıda vəfat edib.