“Biz inkişaf etməliyik, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik” 
   
   Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. Qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.
   Dövlətimizin başçısı partiyanın banisi, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkənin və cəmiyyətin həyatında rolundan bəhs edib, Azərbaycanın müasir inkişafı və gələcək perspektivlərindən söz açıb. 
   “Sabitlik hər bir inkişafın əsas şərtidir”, - deyən Prezident Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri olduğunu vurğulayıb: “Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Bundan sonra da Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir”.
   
   “Bu il 10 illiyini qeyd edəcəyimiz “Bakı Prosesi” BMT tərəfindən dəstəklənir”
   
   Dövlət başçısı qeyd edib ki, multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq ətrafda gedən hadisələrə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədə siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir: “Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır. Məhz bizim təşəbbüsümüzlə Azərbaycanda bu mövzu ilə bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Bu il 10 illiyini qeyd edəcəyimiz “Bakı Prosesi” bu gün BMT tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Onun da təşəbbüskarı biz olmuşuq. Avropa məkanını müsəlman aləmi ilə yaxınlaşdırmaq istəyimiz böyük nəticə verməsə də, hər halda müsbət tendensiyalara təkan verir. Biz öz siyasətimizi, bu missiyanı beynəlxalq miqyasda davam etdirəcəyik”.
   Prezident bildirib ki, Azərbaycan müasirliyə gedən yoldadır: “Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik”. 
   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan dövlət başçısı qeyd edib ki, məsələ mütləq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq”. 
   
   “Gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunda görürük”
   
   Prezident vurğulayıb ki, bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik: “Son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. Neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək”. 
   Yanvar ayında ölkədə ümumi daxili məhsulun 2 faiz, qeyri-neft iqtisadiyyatının təxminən 4 faiz artdığını diqqətə çatdıran dövlət başçısı bildirib ki, 2018-ci il sürətli inkişaf ili olacaq. 
   * * * 
   Sonra çıxış edən qurultay iştirakçıları ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs ediblər. Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olunub.
   YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.
   Qərar yekdilliklə qəbul olunub.
   YAP-ın sədri, dövlətimizin başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.
   Qurultay dövlət himninin səslənməsi ilə başa çatıb.