Silsilə filmlərin çəkilişi davam edir
   
   Dənizin səsi, sükutu pozan külək, dalğaların coşmasından ürəklənən sevgi, insanları bir-birinə bağlayan Şərq duyğusallığı, Qərb yeniliyi və bu məkanda yaşayan insanların həyatı... Bakının təsviri, ta uşaqlıqdan bu küçələrdə böyüyən, dənizin ətri ilə nəfəs alan, qışı, payızı, yayı, yazı ilə sevinən, kədərlənən, sevən, sevilən, şirin ayrılıqları dadan, gecələrin romantikasına qərq olan Bakı sakinləri haqqında novellalar...
   
   “Bakı, mən səni sevirəm!” filmi bu insanların həyatından söz açacaq, ekranın təsvir dili ilə danışaraq paytaxtımızın həyatını dünyaya nümayiş etdirəcək.
   
   Bakıdan bəhs edən 10 kinonovella
   
   “Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihənin prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.
   Layihənin hazırlıq mərhələsində ilk olaraq ssenarilər üçün müsabiqə elan edilmişdir. Göndərilən 70-80 ssenaridən təxminən 20-si seçilib və sonda çəkilişlər üçün 10 novella təsdiqlənib. İndiyədək eyni mövzuda lentə alınmış “Paris, mən səni sevirəm!”, “Nyu-York, mən səni sevirəm!” və “Moskva, mən səni sevirəm!” filmlərində olduğu kimi, bu ekran əsərində də şəhər sakinlərinin özünəməxsus xüsusiyyətləri, Bakıda yaşayan sadə insanların həyatının təsviri, sevgi, məişət, insani münasibətləri önə çəkilib.
   Prodüser layihəsi olduğundan ssenarilər sifariş olunarkən mövzu və format haqqında öncədən məlumat verilmişdi. Filmə baxan zaman ilk olaraq Bakının özəlliyi sezilməli, Şərqlə Qərbin qovuşduğu bu məkanda fərqli mədəniyyətlərin təzahürləri, izləri duyulmalıdır.
   Layihənin ssenaristləri Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Mahir Hüseynbəyli, Yavər Rzayev və Aleksandr Novotoskidir (Rusiya). Rejissorları isə Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya). Göründüyü kimi, kinonovellalarda Bakı həyatı azərbaycanlılarla yanaşı, əcnəbi müəlliflərin də gözü ilə təsvir ediləcək.
   
   Çəkilişlərin birinci hissəsi başa çatıb
   
   “Bakı, mən səni sevirəm!” kinolayihəsi, hər biri 9 dəqiqə olmaqla, 10 filmdən ibarət olacaq. 2011-ci ilin sentyabrından hazırlığı başlanan filmin çəkilişinə mart ayında start verilib. Layihənin prodüserlərindən olan Nadir Maçanovun sözlərinə görə, layihə şərti olaraq iki hissəyə bölünüb: “Çəkilişi yaz və yay sessiyalarına bölmüşük və artıq yaz sessiyasına bu günlərdə yekun vurduq. İlk bölümdə 5 film çəkildi və növbəti 5-lik yay sessiyası üçün nəzərdə tutulub. Çəkilişlər üçün elə bir dövr seçilib ki, hava münasib olsun və çəkiliş prosesi rahat şəkildə aparılsın”.
   Filmə daxil olan 10 novella 10 fərqli həyat hadisəsini əks etdirir. Onları birləşdirən cəhət isə bütün hadisələrin Bakıda baş verməsidir. Layihəyə müxtəlif ölkələrdən rejissorlarla yanaşı, məşhur aktyorlar da cəlb olunub. Yaz sessiyasında məşhur aktyorlar Vyaçeslav Razbeqayev, Vadim Tsallate (Rusiya), Aqniya Ditkovskite (Litva) və digərləri çəkiliblər. Yay sessiyası üçün daha bir neçə ulduzun çəkiləcəyi nəzərdə tutulur.    

   Filmdə qabaqcıl texnologiyalardan istifadə olunur
   
   Prodüser layihəsinin bir uğuru da bədii tərəflərlə yanaşı, filmin texniki göstəricilərinin yüksək səviyyədə olmasıdır. Filmin texniki təchizatına gəlincə, Rusiyadan, Gürcüstandan lazımi avadanlıqlar gətirilib. İstər kamera, istərsə də işıq avadanlıqları ən son göstəricilərə cavab verir. Bu texnikadan professional şəkildə istifadə etməyi bacaran mütəxəssislər də cəlb olunub. Qrim ustaları Ukraynadan dəvət edilib.
   Çəkilişlər həm pavilyonda, həm də naturada aparılır. Nadir Maçanov quruluşçu rəssam Vladimir Trapeznikovun (Rusiya) əməyini xüsusi qeyd etdi: “Novellalardan biri üçün böyük dekorasiya quruldu. V.Trapeznikov 5 nəfər rəssam və 7 nəfər dekoratorla çalışaraq maraqlı mühit yaratdılar”.
   
   Yaradıcı heyət Bakını qarış-qarış gəzir
   
   Filmə 10 fərqli hadisə daxil olduğundan çəkilişlər üçün fərqli məkanlar tapılmalı idi. Odur ki, çəkilişlər şəhərin müxtəlif yerlərində aparılır. Çəkilişlərin gedişindən məmnunluq ifadə edən yaradıcı heyətin əcnəbi üzvləri Novruz bayramı ərəfəsində şəhər sakinlərinin qonaqpərvərliyinə heyran olduqlarını bildirdilər. Bakıdakı tolerantlıq, Azərbaycan mətbəxi, paytaxta tikilən yeni binalar, İçərişəhər, köhnə binaların özəlliyi qonaqlarda böyük təəssürat doğurub.
   Layihənin özəlliyi haqqında danışan prodüserlər Yeqor Konçalovski və Nadir Maçanov bildirdilər ki, sənət mübadiləsi ilə yanaşı, ölkəmizin təbliği baxımdan da belə müştərək layihələrin böyük əhəmiyyəti var. Yaradıcı heyət yaradılan şəraitə, dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıqlarını bildirdilər.
   Yay sessiyası bitdikdən sonra montaj və səsləndirmə mərhələsinə başlanılacaq. Filmin 2013-cü ilin fevral ayında təhvil verilməsi nəzərdə tutulur.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar