Nazir Əbülfəs Qarayev Türkmənistan, Tacikistan və Meksikanın Azərbaycandakı səfirləri ilə görüşüb
   
   Fevralın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistanın, Meksikanın və Tacikistanın Azərbaycandakı səfirləri Mekan İşanqulyev, Xuan Rodrigo Labardini və Rustam Soliyev ilə görüşlər keçirib.   
   Görüşlərdə Azərbaycan Respublikası ilə bu ölkələr arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri barədə söhbət açılıb. Həmçinin Azərbaycanın sözügedən ölkələrlə əməkdaşlığının hüquq-müqavilə bazasının inkişaf etdirilməsi və bu əsasda konkret tədbirlərin əks olunduğu fəaliyyət planının hazırlanması, ölkələrimizdə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.
   Nazir Əbülfəs Qarayev mart ayında Bakıda keçiriləcək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı və “AİTF 2018” - 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” Sərgisi barədə diplomatlara məlumat verib.
   Eyni zamanda, il ərzində Azərbaycanda keçiriləcək digər mədəniyyət və turizm tədbirləri, xüsusilə oktyabr ayında keçirilməsi nəzərdə tutulan növbəti Bakı Beynəlxalq Humanitar Forumu haqqında səfirlər ətraflı məlumatlandırılıb, hər üç ölkə tədbirdə iştirak etməyə dəvət olunub.