Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, qonağın teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ilə görüşündə Gürcüstan və Azərbaycan teatrları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İrakli Gogia Musiqili Teatrda Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya da baxıb. Tanınmış teatr xadimi təəssüratını belə ifadə edib: “Möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında tamaşa seyr etmək mənə zövq verdi. Yaradıcı heyətin gərgin əməyinin açıq-aşkar göründüyü bu sanballı səhnə əsərini yaxın gələcəkdə bizim teatrlarda da görmək istəyirəm. Əslində, bu tamaşanın rejissoru İradə Gözəlova ilə uzun illərdir ki, bir-birimizi tanıyırıq. Gürcü teatrları hər zaman Azərbaycan rejissorlarının quruluş verdiyi tamaşaları öz səhnələrində görmək arzusundadır”.