Aprelin 16-da Moskvada “Müqəddəs Anna” XIX tələbə və debüt filmlər festivalı başlanıb. Aprelin 21-dək davam edəcək festivalda ölkəmizi gənc rejissor Fariz Əhmədovun “Mayak” filmi təmsil edir.
   Festivalda qısametrajlı bədii, sənədli və animasiya filmləri nümayiş olunacaq. Rejissor bildirdi ki, bu dəfə festivala 34 kino məktəbindən 409 film təqdim olunub. “Bu meydan, bu ekran - 2011” müsabiqəsinin nəticələrinə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Mayak” filminin ssenari müəllifi Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Əminov, bəstəkarı Rauf Əliyevdir. Filmin süjet xətti hərbçi ata və onun narkotikə aludə olmuş oğlunun konfliktləri üzərində qurulub. Əsas rolları Məmməd Səfa, Ərtoğrul Kamalov, Gülzar Qurbanova və b. ifa edir. Filmin festival çərçivəsində nümayişi aprel ayının 21-də olacaq. Festivalda qaliblərə müxtəlif nominasiyalar üzrə mükafatlar veriləcək.   

  Lalə Azəri