Tanınmış operator Arif Nərimanbəyov yad edildi
   
   Aprelin 23-də Dövlət Film Fondunda tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun (1917-1992) anadan olmasının 95 illiyi ilə əlaqədar xatirə gecəsi keçirildi.
   
   Tədbiri Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Arif Nərimanbəyovun həyat və yaradıcılığından danışdı: “Arif müəllim müxtəlif janrlarda işləməyi bacarırdı. Onun yaradıcılığında dəniz mövzusunun özünəməxsus yeri olub. “Bəxtiyar”, “Möcüzələr adası”, “İnsan məskən salır” filmlərinin hər birində dəniz müxtəlif formalarda təsvir olunub. Təsvir mədəniyyəti, portret və işıq quruluşu bu filmlərdə o dövr üçün nadir tapıntılar sayıla bilər. Bu da operatorun səriştə və bacarığının bariz nümunəsidir”.
   Tədbirdə kinooperatorun lentlərə həkk olmuş yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
   Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov, kinorejissor, Əməkdar incəsənət xadimi Oqtay Mirqasımov, rejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə xatirə gecəsində çıxış edərək, tanınmış operatorun gənclik illərindən, kino sahəsində atdığı ilk addımlardan və yaratdığı əsərlərin bu gün üçün nə qədər dəyərli olmasından söz açdılar. Onun Azərbaycan operatorluq məktəbində bir örnək olduğunu vurğuladılar. Gecədə A.Nərimanbəyovun ailə üzvləri də iştirak edirdi.
   Arif Əmir oğlu Nərimanbəyov 1917-ci il aprelin 13-də anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq sinfini bitirib. 1944-cü ildən ömrünün sonuna kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. A.Nərimanbəyovun kinoda ilk işi 1947-ci ildə lentə alınmış “ Fətəli xan” filmi olub. Bundan sonra o, “Bakının işıqları”, “Arşın mal alan”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “ Möcüzələr adası”, “O qızı tapın” və s. filmlərin quruluşçu operatoru olub. Sənətkar 1992-ci il mayın 16-da vəfat edib.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar