84 illik ömrünün bütün şüurlu dövrünü Cümhuriyyət Qələm-Qəlbilə yaşamış Bəxtiyar Vahabzadə...
Öncə, bir anlığa, gözəlimiz ədəbiyyatın “formaca milli, məzmunca sosialist” dövrünü xatırlayaq və onun elə o çağ ədəbi tənqidinin işlək ibarələrindən olan “tarixi-müqəddəm” yaradıcılıq formulunun fərqinə varaq. Belə ki, milli məzmun-mahiyyət dərdin olmasaymış, kalan qonorarlı, “leçkomissiya” imtiyazlı, xüsusi təşkil-təhriki zallar-salonlar dolu alqışlı bir siyasi meydanda formaca “Sosialist Əməyi Qəhrəmanı”lığı göstərib, “xalq şairi”liyi etməyə nə varmış...
...“Ön söz”:
Görəsən, indilərin tele-şou meydanlarında “mən onlardan yaxşı şairəm!” iddialı supernihilistciklər elənçik bir dövrdə yaşasaydılar, neçə faizi Vahabzadəlik (hələ Hüseyn Cavid-Mikayıl Müşfiqlik, Əhməd Cavad-Almas Yıldırımlıq... demirəm!) edə bilərdi?..
Gen söz:
Qeyri-adi poetikliyi qədər də seçkin milli-dramatik ömür yaşamış bu şair xeyli dahi-düha sənətkarlar “miras”ına malik Azərbaycan oxucusunu dövrün poetik “hadisə”si hesab edilən “Şəbi-hicran” (öncələr qələmə aldığı gözəl nümunələr bir yana) poeması ilə salamlayıb; “Sənət göylərində üzür Füzuli, Könül bağçasından öz qələmiylə Al-əlvan çiçəklər üzür Füzuli” kimi misralarla...
İndi, həmin poemasında Türk dünyası poeziyasının Allah-bəndəvi EŞQ simvolunu “Gələndə Məhəmməd gəldin cahana, Gedəndə “Füzuli getdi” dedilər” söyləmiş bu şairin bu dünyadan gedimilə ilgili yazımı necə və nədən başlayım ki, onun, heç olmasa, öz Ustadı ruhuna yanıb-yansıtdığı “getdi” epiteti “liman”ına yan ala bilsin...
Bəlkə, məlum “Gülüstan”dan 40 il sonrakı poemasında (“İstiqlal”) böyük DƏRDilə getdiyi Güney və Qarabağ ƏLƏMimizin birincilə bağlı yazdığı:
Özündən, sözündən qaçaq dilimiz
İslanıb üşüdü qarda-çisəkdə,
Yüksək məqamlarda yasaq dilimiz
Qısılıb yaşayır kənddə-kəsəkdə -
kimi misra-mətləblərindən başlayaq?
Yox, bu yazı onun anım gününə dairdir; onsuz da sevərlərinin hal-əhvalı o söz...
Deməli, bu an şairin xoşovqat şeirlərindən birini ayağa çəkməli:
...Taleyim daş atdı - başımı yardı,
Buna daş neyləsin, daş bəhanədir.
...Bəxtiyar, bəxtindən oldun gileyli -
Bu da sənin üçün xoş bəhanədir...
Və... ümummilli qəlb şairimizin bu poetik “bəhanə”ləri onun (lakin həm də layiq olmayanların da!) daşıdığı “Xalq şairi” adı ilə bağlı çoxdankı bir qənaətimi oxucularla bölüşməyimə publisistik bir “bəhanə” verdi. Deyim ki, söyləyəcəyim qənaət, həm də şeirlərinin birində “alim(müəllim!) Bəxtiyarla şair Bəxtiyar” analogiyası vermiş bu poetik pedaqoqun öz mühazirələrinin birində toxunduğu (əlbəttə, həmişə olduğu kimi, milli müstəvidə!) “rasionallıq”-“irrasionallıq” məsələsilə bağlı qeyri-adi şərhindən qaynaqlanıb. Belə ki, deyirəm bəlkə, H.Cavid, M.Müşfiq, M.Şəhriyar, B.Vahabzadə və bu böyük millizadələrimizin haqq-halal “sonbeşik”ləri sanılıb-sayılan M.Araz və X.Rza rəsmi olaraq “Millət Şairi” adıyla fərqləndirilsinlər? Yaxud, heç olmasa, media, sosial şəbəkə və ümumnitqdə bu “təyinat”la xatırlansınlar. Yəni, məlum dövrlərdə ölüm və digər zərbə-zədələr almış bu millizadələr ovaxtların xalq kütlələri “statistika”sında yalnız cild-cild “Seçilmiş əsərləri”lə seçilmiş ləbbehçilərdən, “qafiyə istehsalçıları”ndan seçdirilsinlər...
Bu, sadəcə, sözügedən halal-kristal milli şəxsiyyətlərimizin bütün ömürləri uzunu uğrunda mübarizə apardıqları müasir plüral-demokratik dövrümüzə ədəbi-fantasmaqorik bir təklif...
Onlar tək elə şair yox, Qələm qılınclı mübariz, mücahid, sözün real və müstəqim mənalarında şəhid, hər iki dünyalıq Müəllimdirlər...
Məsələn, onlardan, həm də ali məktəb müəllimi olmuş üçü - H.Cavid, B.Vahabzadə, X.Rza - öz milli qeyrət antenalarıyla tutduqları ictimai-siyasi mətləbləri total izləmə antenalı auditoriyalarda müxtəlif eyham-epitet və “konspirativ” frazeologizmlərlə tələbələrinə də çatdırırdılar. Deyirdilər, Şəhriyar deyir ki; “Eşq əhlisiz - məni yaxşı qanarsız, Gözlər yağış yağdırmasa, yanarsız!” Ərz edirdilər ki, “...ay uşaqlar, bizim yazdıqlarımızı bir oxuyursuzsa, dediklərimizə iki diqqət yetirin. Çünki biz indi auditoriyalarda yalnız sizə deyə bildiklərimizi siz sabahlarda bütün xalqa demək imkanı tapa bilərsiz”...
...Və 1980-lərin sonlarında biz bu müqəddəs imkanı tapdıq.
“Kontekst”ində bir az “avtoqraf”iklik də olan bu “dolangəl”likdən sonra keçək məşhur “özündənnarazı” (“Bir ondan razıyam ki, özümdən narazıyam”) qəhrəmanımızın obraz-odasına.
Onun məşhur şairkən söyləyəcəyi “özündənnarazılıq” arsenalının bünövrəsi hələ adi “pioner”liyində qoyulubmuş; “Lenin mənim babamdırsa, bəs onda atam Mahmudun atası nəyimdir?!.” Komsomolçuluğunda isə, tay-tuşlarına (axırına çıxılmaqda olan) cümhurçuların “qansalan” şeirlərindən söylər, hərdən də, hələ könlündən dəfə-dəfə kiçik əlinə qələm götürüb, yaxın gələcəkdə barlayıb-parlayası müdrikliyindən xəbər verən mürgülər yazarmış və nəhayət, -
“Gülüstan”!..
Ötən əsrin 50-ci illərinin ortalarından şəxsi düşüncələrdə, ictimai künc-bucaqlarda, xüsusən Azərbaycan Dövlət Universitetində başlayan milli azadlıq hərəkatının öncüllərindən olmuş bu böyük “milli xuliqan”ın qələminə, 1958-ci ildə yazdığı (1959-da doğma yurdundakı “Şəki fəhləsi” qəzetində çap etdirdiyi) bu poetik bomba-poeması səbəbindən məxfi yasaq qoyulur, üç il sonra ADU-dan (BDU) “millətçi” damğası ilə qovulur.
Lakin bu alovlu şair-müəllimin daha da məşhurlaşıb-sevildiyini sezən “yuxarı” iki il sonra onu universitetə bərpa etməli olur. Total Stalin sərtliyindən sonra getdikcə yumşalmağa məcbur olmuş rejim xeyli ehtiyatkarlığa məhkum etdiyi bu millətqələm şairi “Neçə vaxt səngərdə hey ulaşdılar, Gülüstan kəndində sövdalaşdılar - Bir ölkə ikiyə ayrılsın deyə!” kimi siyasiliklərdən “Yarım o tayda qaldı, Yarım bu tayda qaldı, Toyum burda çalındı, Yarım o toyda qaldı” kimi nəqliliklərə endirsə də, onun millətavaz dilini kəsə bilmir. O, Bütün və Bütöv Azərbaycana nisbətdə çox-çox balaca auditoriyalarda bəlaca-bəlaca mətləblərdən danışır. Beynimizə yeridilməsilə kifayətlənilməyib, iliyimizə işlədilməyə çalışılan “ikinci” (sözdə) ana dili”miz”in, “birinci” (heç sözdə də etiraf edilməyən!) ana dilimizi sıradançıxarma (xüsusən paytaxtımızda!) kampaniyası çağlarında “Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar, Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, Ancaq Vətən çörəyi, Sizlərə qənim olsun!” kimi milli hayqırtılar edir, yığıncaqlarda (məsələn, Xarici Dillər İnstitutundakı görüşdə) “öz ana dilini sevməyən övladla atasından bixəbər “oğul” arasında elə bir fərq yoxdur” kimi zorənjarqonlara yol verməli olurdu.
Bir kərə də “ovaxtadək 410 min kvadrat kilometr olan ərazimiz, ona-buna peşkəş edilməklə 86,6-sı qalıb!” deyərək, auditoriyada bir xeyli çınğı-qığılcımlanıb, belə bir od tutdu: “Bizim tarixçi alimlər həsəd aparılası adamlardır; ölkənin, xalqın başına gələn qəza-qədərləri buz kimi qələmlə yaza bilirlər. Məsələn: “1813-cü il oktyabrın 12-də imzalanan “Gülüstan sülh müqaviləsi” Azərbaycanın ikiyə bölünməsinə gətirib çıxardı”. Siz bu cümlədəki rahatlığın... həyəcansızlığın fərqinə vara bilirsizmi, ay yüz əlli ildən çox səbrlilərimizin nəvələri?! Əlbəttə, mən özüm də daxil...”
Onun “milli həzinlik” dəmlərinin “pik” məqamlarında adətən, təəssübkeş (lakin həm də gərgin!) bir susurluğa qərq olan tələbələr bu dəfə bir-birilə “beyt”ləşdilər:
- Niyə bu günə düşdün
Ay mənim məmləkətim?
Özümə düşmən olub
Aşıb-daşan sərvətim!
- Necə dözdün bir belə
Müsibətə, müşkülə,
Çəkdiyi sitəm ilə
A yollaşan millətim?!
- İstəyirəm çaşmaya,
Dərdiylə yollaşmaya,
Bir daha qullaşmaya
Xan oğlu, xan millətim!..
Ogündən-bugünə hər zər-zor məqamlarında Bütöv Azərbaycan öz sərhədləri, bütün Türk dünyası isə ayrı-ayrı oba-elatları qapsamında bu şairi beytləşmədə:
Bir pərdənin iki səsi -
Biri sənsən, biri mən...
* * *
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır...
* * *
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyir-şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər...
Bu xalqın adlı-sanlı adamları da məclis-mərəkələrdə bu şairin ruhi ünvanını mübarək sözlərlə dualayırlar: “Bəxtiyar Vahabzadə milləti daim ovxarda saxlayan şairimiz kimi yaşadı və bu kəsər-əsərdən hələ bizim gələcək nəsillər də faydalanacaqlar” (Anar), “B.Vahabzadə dövrünün vətəndaş-şairi, filosof-şairi, üsyançı-şairi kimi yaşadı və milli istiqlalımızı bərpa edən “mülki ordumuz” üçün saysız-hesabsız vətəndaş-əsgər yetişdirdi” (N.Cəfərov), “Uzun illər Türk dünyasına milli-mənəvi özgürlük, doğma qardaşlıq, birlik, poetik bahar ixrac edən Bəxtiyar nə xoş ki, Azərbaycanın siyasi baharını - azadlığını, müstəqilliyini də gördü” (adını unutduğum bir Türkiyə aydını)...
“Yaşamaq yanmaqdır” mahiyyətli bu şairin özü isə, “Muğam” poemasındakı yanğısını söndürmək üçün Qarabağın işğaldan azad olacağı günü gözlədiyini deyirdi...
O, nələr demirdi!..
Bu xalq bu şairin millət haqda yazdığı, düşünüb-daşındığı qədər danışması üçün onun arzuladığı biçim-seçimdə - İrəvan-Göyçə-Zəngəzurlu, Dərbənd-Borçalı-Cənublu, bir sözlə, - Bütöv Azərbaycanlı yaşamalıdır...
Sovet rejimində fiziki cismindən, iş-gücündən, “qlavlit” süzgəcindən keçirilərək çap edilən kitablarından qat-qat böyük olan bu milli-mənəvi Varlıq hər addımbaşı kölgələndirilsə də, cürbəcür mənəvi məhrumiyyətlərə məruz qalan millətinin dərdlərini söyləmək cəhdlərindən yorulub-usanmadı. 20-dən çox poemasında, hadisələri gah tarixə, gah başqa ölkələrə “zorəntransfer” etməklə yazdığı neçə-neçə pyesində rəmzlər, müxtəlif ədəbi üsullarla bəyanladı və Sovet diktaturasını birbaşa ifşa edən əsərlərini sonralar “Sandıqdan səslər” başlığı altında nəşr etdirdi...
Nəhayət...
13 fevral, 2009. 84 yaşında...
Ancaq... “nə bilmək olar”, ulu muğamlarımızdan birinin “maye”sinə etdiyi vəsiyyətinə qüvvət, bəlkə, doğrudan da, bir gün onu “oyandırdı muğam”?..
Tahir Abbaslı