Xəbər verdiyimiz kimi, Nəvai adına Özbəkistan Dil və Ədəbiyyat Universitetində keçirilən “Əlişir Nəvai və XXI əsr” mövzulu elmi-praktik konfransda Azərbaycan alimləri də iştirak edib.
Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) konfransa qatılmış türkoloq alim, Bakı Dövlət Universitetinin professoru Ramiz Əskərlə görüş keçirilib.
Tədbirdə Əlişir Nəvai adına Özbəkistan Dil və Ədəbiyyat Universitetinin və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri, mədəniyyət xadimləri, diasporumuzun üzvləri iştirak ediblər.
Səfirliyin birinci katibi, AMM-in direktoru Samir Abbasov R.Əskərin türkoloq alim kimi fəaliyyəti, özbək ədəbiyyatı ilə bağlı tədqiqatları barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, alim “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərlər” və “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu- bilik” və digər kitablarını Azərbaycan dilinə tərcümə edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, Daşkənd Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov qeyd edib ki, iki ölkənin alimləri ədəbiyyatımızı tədqiq etməklə yanaşı, xalqlarımızı daha da yaxınlaşdırırlar.
Çıxış edənlər Azərbaycan və özbək ədiblərinin dostluğundan söhbət açıblar və belə görüşlərin səmərəli olduğunu vurğulayıblar.
Ramiz Əskər təşkilatçılara öz minnətdarlığını bildirib, özbək ədəbiyyatına dair yazdığı kitabların bir neçəsini Daşkənd Pedaqoji Universitetinə təqdim edib.
Samir Abbasov Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələrin inkişafında xidmətlərinə, türkdilli xalqların ortaq tarixi və ədəbiyyatını fəal təbliğ etdiyinə görə alimə AMM-in fəxri diplomunu təqdim edib.
Sonra Azərbaycan-Özbəkistan dostluğuna dair film nümayiş etdirilib.