Fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib.
Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunur.
Qeyd edilib ki, seçim mərhələsinə 300-dən çox əsər qəbul olunub. Münsiflər heyətinin seçəcəyi ən təsirli və diqqəti cəlb edən əsərlər fevralın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində nümayiş etdiriləcək. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm də peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.
Tədbirdə münsiflər heyətinin üzvləri - Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü Nərminə Vəliyeva, xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Nərgiz Cəlilova, Mehriban Zəki, Tünzalə Ağayeva, layihənin rejissoru Ranar Musayev aksiya haqqında məlumat veriblər. Münsiflər heyətinin üzvləri tədbirin beynəlxalq müstəviyə çıxacağına ümidvar olduqlarını bildiriblər.
Çıxışlarda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyəti vurğulanıb. Xocalı faciəsinin dəhşətlərini yaşamış Rəhilə Quliyeva acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Sonra “Qarabağın səsi” aksiyasına işlərini təqdim etmiş iştirakçılar əsərləri haqqında məlumat veriblər.