Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Çetin Akar Türkiyə İnkişaf və Koordinasiya Agentliyi (TİKA) və “Anadolu” agentliyinin təşkilatçılığı ilə fevralın 13-də “Diplomatik müxbir” proqramının iştirakçıları ilə görüşdə ölkəsinin beynəlxalq mədəni əlaqələrindən söz açıb.
Nazirlik nümayəndəsi Türkiyənin Azərbaycan, Tacikistan, Qazaxıstan, Özbəkistan, Monqolustan, Ukrayna, Gürcüstan və Qırğızıstan ilə mədəni əlaqələrinin inkişafı və dərinləşməsinin əhəmiyyətini qeyd edib.
Çetin Akar Türkiyədə ikinci dəfə Azərbaycan mədəniyyəti günlərinin təşkili barədə də danışıb. Bildirib ki, bununla bağlı iki ölkənin Mədəniyyət və Turizm nazirlikləri, habelə Xarici İşlər nazirlikləri arasında danışıqlar aparılır. Onun sözlərinə görə, növbəti həftə Ankarada Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilməsi planlaşdırılır. Azərbaycan mədəniyyəti günləri çərçivəsində sərgilər, konsertlər təşkil ediləcək.
Görüşdə “Türkiyənin mədəniyyət diplomatiyası” mövzusunda videotəqdimat olub.
Tədbir iştirakçılarına, həmçinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd edilib ki, Türkiyə turist axınına görə aparıcı ölkələrdən biridir. Belə ki, bu ölkənin ərazisində UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan 14 tarixi abidə var. Türkiyənin mədəni müxtəlifliyi, burada yaşayan xalqların keçirdiyi festivallar, yerli film və televiziya serialları turizmin inkişafında və ölkənin təbliğində mühüm rol oynayır.