Oynanılası nə “növ” rol qalıb ki, İsmayıl Osmanlı onu oynamamış olsun...
Rolları yaxşı oynamaq, yaddaqalan obrazlar yaratmaq aktyorluğun vəzifə borcu, anadangəlmə atributudur. Bu yoxdursa, o da - az-para fərqlə - tamaşaçıdır. Sadəcə, yerini - səhnə ilə salonu səhv salmış tamaşaçı.
Amma salondakılardan tam fərqlənmək də hələ hər şey demək deyil. Bu işdə əsas məsələ səhnədəki fərqlilər içərisində fərqlənməkdədir. İş-peşələri xarakter yaratmaq olanlar arasında seçilmək məsələsi isə əsl “inteqralçı”lıqdır ki, İsmayıl Osmanlı bütün şəxsi-təbii və “süni”-bədii xarakter yaradıcılığıyla eləlik ustadı idi.
O, böyük sənət ailə-aləmində mənfili-müsbətli təkrarsız əmi, dayı, qağa (Kələntər, Əbdül, Əmrah) olub. Bənzərsiz məşədi, hacı, şeyx rolları (“Dağılan tifaq”, “Ölülər”, “Dəli yığıncağı”) oynayıb. Fenomenal milli mesenat (Hacı Zeynalabdin Tağıyev), zahirən çox tünd, rəsmi, daxilən son dərəcə xəlqi, həlim daxili işlər naziri (“Kəndlilər”), dahi filosof (Nəimi), dahiyanə avam (Novruzəli) obrazları yaradıb. Saysız-hesabsız “bihesab”ları gülünc günlərə qoyub, həyati məzə-gəvəzə tipləri bədii-ictimai qınaq tipajlarına çevirib: Mirzə Qərənfil, Xəlil, Mirzə Heydərqulu, Şəkinski, Keçəl Aslan, Kefli Bəşir və sair. Neçə-neçə əcnəbi “don”larına girib: Aleksandrov (“Canlı meyit”), Baş senator (“Otello”), Tixon (“Tufan”), İsidor Cakeli (“Darıxma, ana!”), Gilderstern (“Hamlet”), General Berqoyn (“Şəxsi iş”) və ilaxır...
Məsəl var;
“Hamını bəzər...”
Yox, özgə xarakterləri al-əlvan bəzəyən bu sənətkarın özü də lüt gəzmədi. Hamını (hamılığı) oynadı, oynaya-oynaya özünü də yaratdı. Xatırlayaq, baxaq görək bütün ədəbi-dram əsərlərindəki hansı bədii və ya dramatik obraz bu həmişəyaşar real qəhrəmanımızdan daha canlı, daha bütöv, əhatəli, universaldır. O özünü nə qədər paylasa da, başqalarına - dramaturqların, ssenaristlərin, rejissorların təxəyyül qəhrəmanlarına bəxş etsə də, öz aktivi, özgürlüyü, özəl sənət qalası daha zəngin qaldı.
Bu qalanın bünövrə daşı doğumdur, tamamlanma qaşı ölüm. Bioloji doğumundan sənət olumunadək “24 aprel 1902-ci il, Şəki” - deyə, xeyli danışmaq, yaradıcılıq “inşa”sından kitab-kitab bəhs etmək mümkün. Ölümündən isə... belə bir rəsmi rəqəm: 22 iyun 1978. Və dübarə emosional bir ibarə: o ölübmü ki?!
“Bioloji olumundan sənət olumunadək xeyli danışmaq olar” deməyim sözgəlişi deyim deyil. O, surət-sifətindən tutmuş bütün mənəvi-psixoloji sifətlərinə, hərəkətlərinə, oturuş-duruşuna, təbəssümünədək təsəvvür-təsvirlərimizin imkanı yetdiyi qədər ən qədim və ən müasir Azərbaycan kişilərinin ümumiləşdirilmiş obrazı idi.
İsmayıl Osman oğlu Osmanlı.
Əgər tərcümeyi-halındakı “24 aprel 1902” rəqəmləri onun doğum tarixçəsini konkretləşdirmiş olmasaydı, onu tarixin ən universal-virtual adamı - Nuhun canlı yadigarı, soyadının və atasının adaşı olan imperator-paşanın çağdaşı, “Azdram”da bu gün məşqi gedən, sabah planlaşdırması olası yeni-yeni tamaşaların favoritlərindən biri hesab etmək kimi sevgili illüziyalara da qapılmaq olardı.
Tarixən varlı-hallı, qızıllı-gümüşlü Şəkidə maddi cəhətdən ən kasıb ailədə doğulsa da, iyirmi yaşından aləmin mənən ən zəngin sahəsinə - sənət dünyasına düşüb. On bir yaşında “yetimlik divinin əlinə keçib” (Ə.Xaqani), mükəmməl təhsil ala bilməsə də, dükan-bazar yükçülüyündə, Şəki ipək fabrikində, hətta dabbaqxanada işləməli olsa da, bunlar onun həyatın hər üzünü görməsində, dünyanın bütün mənfiliklərinin “dabbaqda gönünə bələd” olmasında mühüm rol oynayıb.
Məğzi böyük çətinlik, qabar-qübarlı məşəqqətlərdən ibarət olan bu ilkin tale yazısıyla o, 1920-ci ildə rayonda yeni fəaliyyətə başlamış “Fəhlə-kəndli klubu”nun dram dərnəyinə üzv yazılır və bununla da, bütün ömrünü həsr edəcəyi sənət sahəsində yeni bir tərcümeyi-halın bünövrəsini qoyur. Təbiətən şux olması, hər hərəkətindən məzə, həkətindən yoz yağması, duzlu-məzəli Şəki lətifələrini teatral bir şəbehlə söyləməsi onun sədasını bölgədən uzaqlara da yayır. “Yüz ildə bir” deyiminə xas nadirlik arşını ilə ölçülən qabiliyyət, istedad vergisi təqvim aylarını, illərini qabaqlayır. 1922-ci ildə Gəncəyə köçüb, buradakı teatrda çalışan İsmayılı altı il sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət edirlər. Qərib ölkədə yerini bərkidib, anadilli sənət ocağını daha gur alovlandırmaq arzusuyla çalışan sənətkar istəyinə nail olmaq ərəfəsində Bakıya çağırılır. 1929-cu ilin sonlarında Azərbaycan Milli Dram Teatrının truppasına qəbul edilir. Qırmızı sovet Bakısının qızğın teatr səhnəsi onun simasında yeni bir türk soyadlı ad, orijinal ədalı, qulaqlara xoş sədalı bir sənətkar qazanır. Salon isə onun dramatik nüanslarından vəcdə gəlir, faciəvi rollarından göz yaşlarına, komedik obrazlarından gülüşlərə, satirik surətlərindən “izhari-nifrət”lərə qərq olur. Bir yazılanı iki etməyə çalışır, yaradır, yarıyır...
Kimləri, nələr-nəməlikləri və necə
Başlayaq “kim”lərdən. Amma hamısını sadalamağa yaddaşın gücü çatmadığına, səbrin kasasına, qəzetimizin həcminə yerləşmədiyinə görə, bir neçəsindən.
Deyirlər, ötən əsrin ilk yarısında Səməd Vurğunun “Xanlar”, “İnsan”, “Vaqif” pyeslərinin tamaşalarından yazan tənqidçilər, danışan mütəxəssislər, günlər-aylarla bəhs açan tamaşaçılar İsmayıl Osmanlının ifa etdiyi Keçəl Aslan, Fon Hols, Şaliko obrazları üstündə xüsusi vurğu ilə dayanırmışlar. Söyləyirlər ki, Hüseyn Cavid əfəndi “Şeyx Sənan”, “Səyavuş”, “Knyaz” dramlarındakı Şeyx Hadi, Vali və Şakro obrazlarının açımına nə dərəcədə istedad və zəhmət sərf edibsə, İsmayıl Osmanlı da onların səhnə təfsirinə o qədər canlandırma “yanacağı” yandırıb. Böyük komediya ustası Sabit Rəhmanın sözüdür: “Mənim qələmlə yazdığım Mirzə Qərənfili, Əhməd bəyi, Zakiri, Xəlili, Qasımı İsmayıl Osmanlı tərzi-hərəkətlə daha yaxşı yazır. Yazıçı ikən bir verdiyimi tamaşaçı ikən o mənə, bəzən, beş qaytarır...”
Deyilənlərə yüzə-yüz inanmağımın səbəbkarı gördüklərimdir. Həmin bu gördüklərim mənə o qədər gözəl, qeyri-adi təsirlər edib ki, onlar haqda kiməsə danışarkən, az qala, “göz kirəsi” istəmək fikrinə də düşmüşəm...
Mən 60-cı illərdə “Solğun çiçəklər”də oynadığı (yox, yox, yaşadığı!) Əbdül dayını görmüşəm. O, o rolu belə oynayır, elə ifa edir, elənçik yaşayırdı ki, mən tamaşaçı istəyirdim Sara kimi yetim olam və bu nökər-dayı da məni himayə edə. Abituriyent təsəvvür-təkəbbürümlə istəyirdim Cəfər Cabbarlı dirilə, bu obrazı bir az da dirildib, ətə-qana gətirib, baş qəhrəman edə, Məhluqə Sadıqovanın oynadığı əzazil əmidostu roluna qələm çalıb, bu müqəddəs, lakin çarəsiz Əbdül dayını müşküldən qurtara!..
Bəzən mən də onu ziyarət etmək üçün dərsdən qaçan tələbələrə qoşular, respublika statistika idarəsinin arxa tərəfində yaşadığı binanın həndəvərinə yığışardıq. Onun “Poçt qutusu” filmindəki Novruzəliliyinə gah babamız kimi ağrınar, gah klassik etno-avamlığımız kimi darılıb-sıxılar, gah da Mirzə Cəlil dahiliyilə yaradılmış o cür bədii şedevr-sadəlövhlüyü bu cür korifeyliklə vizuallaşdıran İsmayıl Osmanlı fenomeni ilə fəxarət hissləri yaşayardıq.
İllər yavaş-yavaş keçir, İsmayıl Osmanlının sənətkar azmanlığı daha sürətlə zirvələrə qalxırdı. “O olmasın, bu olsun”dakı “qəzetəçi” Rza obrazı ilə hər bir tamaşaçı qəlbində əbədi nəşr olunmuş bu kişi özü haqda “bir kaç kəlmə” söyləyib təvazökarsızlıq etmədən, onu dinləməyənləri “bəkləmədən” irəliləyirdi. Məşədi İbaddan 10(ca) manat istəməklə, ətrafındakı digər statuslu “kustar” rüşvətxorlardan nə qədər aşağı olduğunu üz-gözündəki əlamətlərlə daha da incələyən bu “qəzetlər padşahı” əsl sənət şahı kimi çıxış etmirdimi? Sonrakı rollarının çoxusu epizodikləşsə də, o, baş qəhrəmanların şöhrət döyüşünə bac vermirdi. “Mən ki gözəl deyildim”, “Tütək səsi” filmlərində yaratdığı poçt işçisi obrazları yaddaşların ən dərin qatına işləməyibmi? “26 lar”dakı Şahbazovu daha kim o cür ağayana-şahanə yarada bilərdi?
Sonralar da ona tez-tez baş çəkər, ziyarət edərdilər. Xüsusən bir telemüsahibəsindən sonra. O müsahibəni mən də ekranda görüb-eşitmişdim və orada vurğuladığı bir nüansla bağlı, ziyarətçilərinin daha da çoxaldığından xəbərdar idim. Söhbət ekranlara yenicə çıxmış “Yeddi oğul istərəm” filmindən gedir. İsmayıl Osmanlı o telemüsahibəsində belə bir qayğılı qeyd etmişdi ki, Kələntər obrazından sonra camaat arasında ona olan isti münasibət xeyli soyuyub: “Hətta mənə qatı nifrət hissi ilə baxanlar var”...
Daha sonra eşitdim ki, bizim tələbəlik davamçılarımız tez-tez onun yaşadığı o binaya, işlədiyi teatra gedər, həmişəki salam-kalamlarındakı məhəbbəti bir az da artırıb, bu sənət qədər qədim, ipək kimi həlim kişini narahat edən “qatı nifrət” duyğusunu imkan dərəcəsində kompensasiya edirmişlər...
Və... Azərbaycanın, SSRİ-nin “Xalq artisti” adları, digər təltifləri öz yerində, deyirəm, bu dünyada o məhəbbət dolu salam-kalamlardan, sağ ikən ziyarət edilmələrdən gözəl nə var?!
Xitabım həm də bu dünyadan o dünyaya İsmayıl Osmanlı nam-nişanında, İsmayıl Osmanlı şan-şöhrətində köçmüş bütün rəhmətliklərədir...
Tahir Abbaslı