Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığından bəhs edən kitab “Şərq-Qərb” nəşriyyatında çap olunub.
   Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda bəstəkarın həyatı, yaradıcılıq yolunun əsas istiqamətləri, musiqili səhnə əsərləri, simfonik əsərlər, kinofilmlərə yazdığı musiqilər və çoxsaylı populyar mahnıları haqqında ətraflı söz açılır.
   
   Uşaqlar üçün 15 adda kitab
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə yeni uşaq ədəbiyyatı nəşrləri də işıq üzü görüb. “Bərpanəşr” layihəsi çərçivəsində 15 adda kitab balacaların ixtiyarına verilib.
   F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fondunda cəmi bir nüsxə qalmış kitablar - Həsən Mehdiyevin “Ovçu Səməndərin hekayələri”, Xanımana Əlibəylinin “Ağ çəmən”, Teymur Elçinin “Balaca Aytən”, Cəfər Cabbarlının “Ölkəm”, Mikayıl Müşfiqin “Əhməd, Güllü, Sara, Bəbir”, Nigar Rəfibəylinin “Bir cüt xurma ağacı”, Abdulla Şaiqin “Yaxşı arxa”, M.Ə.Sabirin “Təmsillər”, Simax Şeydanın “Təyyarə”, İlyas Tapdığın “Bir evim var”, Şarl Perronun “Büllur başmaq”, Səməd Behrənginin “Balaca qara balıq” və s. kitablar yenidən nəşr edilib.
   “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapdan çıxan kitablar nazirliyin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.