Beynəlxalq kitab bağışlama günü ölkəmizdə də qeyd edilib
   
   14 fevral - Beynəlxalq kitab bağışlama günü (International Book Giving Day) ikinci ildir ki, ölkəmizdəki kitabxanalarda, müxtəlif təşkilatlarda qeyd olunur.
   Bu təşəbbüs 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı - “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.
   * * *
   F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtın Nəsimi rayonundakı 35 nömrəli tam orta məktəbdə əlamətdar günə həsr olunmuş “Hərəyə bir kitab” adlı tədbir keçirilib.
   Tədbir uşaqların ifasında milli rəqs və fləşmobla başlayıb. Musiqili açılışdan sonra oxucular Respublika Uşaq Kitabxanası tərəfindən gətirilən kitablarla tanış olublar.
   Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında balaca oxuculara mütaliənin faydalarından danışıb, uşaqların söz ehtiyatının artması və səlis nitq qabiliyyətinə sahib olması üçün kitabın ən yaxşı vasitə olduğunu vurğulayıb.
   Sonra uşaq yazarları Aygün Bünyadzadə, Qəşəm İsabəyli və Gülzar İbrahimova kiçikyaşlı oxuculara ən maraqlı uşaq ədəbiyyatı nümunələrindən söhbət açıb, bu günün tarixi barədə məlumat veriblər.
   Tədbir çərçivəsində 400 nüsxədən çox kitab uşaqlara və kitabsevərlərə hədiyyə edilib.
   * * *
   Beynəlxalq kitab bağışlama günü münasibətilə “Cahan” uşaq bağçasının balacaları Milli Kitabxananın qonağı olublar. Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da uşaqlara kitablar hədiyyə olunub. Onlar da öz növbələrində “Açıq kitabxana”nın fonduna kitab hədiyyə ediblər. 
   Müəllimə Nərmin Fəttahova burada keçirdikləri vaxtdan çox məmnun qalan balacalar adından Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib və uğurlar arzulayıb.
   * * *
   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da 14 fevral - Beynəlxalq kitab bağışlama günü münasibətilə tədbirlər həyata keçirib. 
   Fondun əməkdaşları “İmzalı görüş” layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə “Ümid İşığında” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər.
   Görüşdə yazar müəllifi olduğu hekayələri oxuyub. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər.
   Bilik Fondundan kitab hədiyyəsi alan qurumlardan biri də Respublika Talassemiya Mərkəzi olub. Mərkəzin direktoru Valeh Hüseynov qurumun fəaliyyətini yaxından izlədiyini, xüsusən mütaliə mədəniyyətinin təbliği ilə bağlı aksiyaların üstünlüklərini vurğulayıb. Direktor Bilik Fondunun hədiyyə etdiyi kitabları mərkəzdə müalicə alanlara təqdim edib.
   Fondun “Facebook” səhifəsində elan etdiyi “Oxuyaq, öyrənək, öyrədək” aksiyasını da izləyicilər məmnunluqla qarşılayıblar. Fevralın 14-də yüzdən çox yeniyetmə və gənc Bilik Fonduna gələrək, kitab hədiyyələrini seçiblər. Aksiyaya tələbələrlə yanaşı, tanınmış şəxslər, jurnalistlər və ictimaiyyət nümayəndələri qatılıblar.
   * * *
   Fevralın 14-də Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, AMEA Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Beynəlxalq kitab bağışlama günü münasibətilə aksiya keçirilib.
   Mərkəzin dərnək üzvləri arasında kitab hədiyyə etmə aksiyası təşkil olunub, hər bir dərnək üzvü öz sevimli kitabını hədiyyə edib. Aksiyanın sonunda 900 ədəd kitab toplanıb. Toplanan kitablar Bakıdakı 1 nömrəli uşaq evinə, Xəzər rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Qala qəsəbə filialına, valideynləri tərəfindən tərk edilən uşaqlar üçün sığınacağa, Sabunçu rayonu Yeni Azərbaycan Partiyasının dəstəyi ilə 1 nömrəli tam orta internat məktəbinə, 10 nömrəli sanatoriya tipli internat məktəbinə və 11 nömrəli xüsusi internat məktəbinə bağışlanıb.
   Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışıb. Sonda uşaq və yeniyetmələr arasında mütaliənin təbliği məqsədilə iştirakçılara MEK tərəfindən Azərbaycan, müasir və klassik dünya ədəbiyyatı nümunələri hədiyyə edilib.