Türkiyənin TRT kanalında yayımlanan “Avropa Avropa” teleserialının bir bölümü Bakıda çəkilib. Mayın 1-də Türkiyənin Bakıdakı səfirliyində teleserialının çəkiliş qrupu mətbuat konfransı keçirdi. Mətbuat konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışdı: "Azərbaycan və Türkiyə hər sahədə olduğu kimi, kinematoqrafiya sahəsində də əməkdaşlığı müxtəlif layihələrlə davam etdirir”.
Filmin rejissoru Banu Akdəniz paytaxtımızda olduqları qısa vaxt ərzində xalqımızın qonaqpərvərliyi və mehribanlığının onlarda xoş təəssürat yaratdığını bildirdi: “Teleserialın 32-ci bölümünün bir hissəsi burada çəkilib. İnanırıq ki, Azərbaycanla əlaqələrimiz bundan sonra da davam edəcək”.
Serialda çəkilən aktyor Kadir Çöpdəmir Azərbaycanı çox sevdiyini, paytaxtımızı hədsiz bəyəndiyini dilə gətirdi. İlk dəfə 1986-cı ildə Bakıda olduğunu deyən Türkiyənin məşhur aktyoru Tarık Ünlüoğlu isə qeyd etdi ki, o vaxtdan indiyədək paytaxtımız hədsiz dərəcədə dəyişib və gözəlləşib”.
Serialın rejissoru Şafak Bal Azərbaycanı xalq mahnılarımızdan tanıdığını, çoxdan ölkəmizə gəlməyin arzusunda olduğunu bildirdi.
Qeyd edək ki, çəkilişlər Şəhidlər Xiyabanı, İçərişəhər, Nizami parkı, Sahil bağı və Park Bulvarda aparılıb.
Mehparə