Almaniyada yaşayan həmyerlimiz gənc rejissor Elmar İmanovun “Tabutçunun yelləncəyi” (“The swinq of the coffin maker”) adlı qısametrajlı bədii filmi tələbə “Oskar” mükafatına təqdim olunub. Film “İngilis dilində ən yaxşı film” nominasiyasında yarışır və seçim mərhələsini keçərək artıq beşliyə daxil olub. Ata və oğul arasındakı münasibətlərdən bəhs edən ekran əsərində tanınmış aktyor Şamil Süleymanlı və Rasim Cəfərov çəkiliblər. 
   
   Builki tələbə “Oskar”ı üçün 29 ölkədən 51 film təqdim olunub. Onlardan 5 ekran əsəri seçilib. Bu beşlikdə Elmar İmanovun filminin yer alması Azərbaycan kinosevərləri üçün böyük fəxrdir.
   Elmar İmanov 1985-ci ildə Bakıda anadan olub. 1998-ci ildən Almaniyada yaşayır. Köln Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. “Tabutçunun yelləncəyi” filmi onun diplom işidir. Gənc rejissor Almaniyada və Albaniyada da bir neçə qısametrajlı və sənədli film çəkib.
   Yeri gəlmişkən, Elmar İmanovun “Tabutçunun yelləncəyi” aprelin 24-dən 29-dək Almaniyanın Postdam şəhərində keçirilən 41-ci Beynəlxalq tələbə filmləri festivalında da iştirak edib. 27 dəqiqəlik filmin ssenari müəllifi Elmar İmanov, prodüseri Eva Blondiau, operatoru Driss Azhari, səs rejissoru Jan Push, dizayneri Ketevan Nozadze, geyim və qrim rəssamı Kerstin Baardır.
   Film barədə baş rolun ifaçısı Şamil Süleymanlının fikirlərini öyrəndik:
   - Bu mənim Elmarla ikinci sənət görüşümdür. Onun müvəffəqiyyətinə hədsiz dərəcədə sevinirəm. Bu günə kimi sənətdə öz sözünü demiş sənətkarların diplom işlərində çəkilmişəm və bu işlər də düşərli olub: Fikrət Əliyevin “Baladadaşın ilk məhəbbəti”, Cahangir Mehdiyevin “Diplom işi” və s. Elmarın diplom işinin uğurlu olması da məni hədsiz sevindirir. Çox istərdim ki, film qalib gəlsin. Ona görə yox ki, burada mən çəkilmişəm. Sadəcə, bir azərbaycanlı gəncin addımlarının səsi “Oskar”ın səhnəsindən gəlsin. Film əbədi mövzulardan biri üzərində qurulub: atalar və oğullar. Qəlblərdə oyanan insani hisslərdən bəhs edir. Çalışmışıq ki, insanın içində oyanan insanlığı göstərək. Nə qədər sərt insan olursa-olsun, onun qəlbində şeir yatır, şeir də olmasa, hər hansı bir qafiyə yatır. Bu filmdə də əlimizdən gələni etdik ki, bunu göstərə bilək. Əsas odur ki, film bu gün beşliyə düşüb. İnanıram ki, film dünya kino mütəxəssislərində də maraq yaradacaq.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar