Azərbaycan kinosu milli mədəniyyətimizin və incəsənətimizin bir sahəsi, tariximizin bir qoludur. Ümumən Azərbaycan tarixində olduğu kimi, kinomuzda da daha dəqiq araşdırılası səhifələr çoxdur. Düzdür, bu sahə ilə bağlı müxtəlif araşdırmalar, kitablar işıq üzü görüb. Amma kinomuzun tarixində hələ də elə məqamlar var ki, onlar tədqiq olunmalı, həqiqətlər üzə çıxarılmalıdır.
   
   İstər bu problemlərin həllində, istərsə də Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, layihələrinin işıq üzü görməsində, ümumən milli kinomuzun inkişafında kino işçiləri ordusunun ən böyük zamini, kinomuzun təəssübkeşi və hamisi ulu öndər Heydər Əliyev olmuşdur. Bunu sübut etməyə ehtiyac olmasa da, yaxın keçmişə nəzər salaq.
   1919-cu il avqustun 27-də sovet hökumətinin başçısı V.Lenin tərəfindən imzalanmış XKS-nin dekreti ilə RSFSR-in bütün fotoqrafiya və kinematoqrafiya ticarəti və sənayesi milliləşdirildi. Bu dekretə əsasən bütün keçmiş sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hər il avqustun 27-si sovet kinosu, həm də milli kino günü kimi bayram edilirdi.
   Halbuki respublikamızda çap olunmuş elmi əsərlərdə açıq-aydın göstərilirdi ki, Bakıda çəkilən ilk tammetrajlı bədii film - ikiseriyalı “Neft və milyonlar səltənətində” kino əsəri 1916-cı ilin mayında ekranlarda nümayiş etdirilmişdi.
   1976-cı ilin martında keçmiş respublika Kinematoqrafiya Komitəsinin sədri M.Qurbanovun yanında ilk dəfə olaraq milli kinomuzun 60 illik yubileyinin bayram edilməsi məsələsi qaldırıldı. O vaxtlar respublika kino rəhbərliyi SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin rəhbərliyi ilə bu məsələni razılaşdırmaq istəyərkən Moskva razılığını vermədi. Məsələ onda idi ki, sovet dövründə milli respublikalarda dövlət əhəmiyyətli tədbirlər mərkəzin müvafiq təşkilatları ilə əvvəlcədən razılaşdırılırdı.
   Heydər Əliyev hələ o dövrdə, istər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, istərsə də Azərbaycan KP MK-nın I katibi vəzifəsində olarkən mədəniyyətimizə böyük qayğı göstərirdi. Ədəbiyyat və incəsənət xadimlərinə, elm adamlarına şəhərimizin ən gözəl yerlərində ucaldılan evlərdə mənzillər verir, onların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan müstəqillik əldə edəndən sonra ümummilli lider mədəniyyətimizə bu qayğını göstərməkdə davam edirdi.
   Beləliklə, Moskvadan razılıq alınmasa da, Azərbaycan kino komitəsinin sədri M.Qurbanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yubileylə bağlı geniş bir arayış göndərdi. Arayışın cavabını çox gözləməli olmadıq. Heydər Əliyev kino işçilərinin təklifini nəinki bəyənmişdi, həm də yubileyə yaxşı hazırlaşıb onun 1976-cı ilin dekabr ayında keçirilməsi üçün sərəncam da vermişdi. Hətta o, M.Qurbanovla söhbəti zamanı demişdi: “Bu yubileylə bütün ölkəyə (Sovet İttifaqına - A.K.) bir daha göstərəcəyik ki, Azərbaycanda kino hələ inqilabdan əvvəl mövcud olub... ”
   Yubileyin keçirildiyi gün isə bayram tədbirlərinin zirvəsi oldu. Kino bayramına Moskva və Leninqraddan, müttəfiq respublikalardan çoxlu qonaqlar dəvət olunmuşdu. Çox yüksək səviyyədə keçən bu tədbirdə fasilə vaxtı M.Qurbanov Moskvadan gələn tanınmış kinematoqrafçılarla söhbət edərkən qonaqlardan biri heyranlığını gizlədə bilməyib ona dedi: “Hə, bugünkü yubiley mərasimi iştirakçıların xatirəsindən uzun zaman silinməyəcəkdir. Əlbəttə, Heydər Əliyev kimi rəhbəri olan respublikada sənətin də, sənətkarın da qədri-qiyməti bilinər”.
   Məmməd müəllim cavabında belə dedi: “Tamamilə doğrudur. Respublikamızın rəhbəri bizimlə görüşü zamanı kinomuzun tarixi ilə tədqiqat işlərini davam etdirməyi biz kino işçiləri, bu sahədə çalışan mütəxəssislər qarşısında bir vəzifə kimi qoydu. Onu da dedi ki, bir vaxt gələcək, Azərbaycan kinosunun yaranma tarixi ilə bağlı yeni-yeni faktlar tapılıb üzə çıxarılacaq”.
   Yubileylə bağlı kino işçilərinin böyük qrupuna fəxri adlar, 10 nəfər kinematoqrafçıya növbədənkənar mənzil verildi. Kinostudiyanın texniki bazasını möhkəmləndirmək məqsədilə vəsait ayrıldı. Həmin vəsaitə 3 təzə kinokamera, səs yazmaq üçün müasir tipli 2 maqnitofon və digər avadanlıqlar alındı. Bütün bunlar kinostudiyada istehsal olunan filmlərin nəinki sayının artmasına, həm də keyfiyyətinin yaxşılaşdırılmasına çox kömək etdi.
   Bundan başqa, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vaxtlarda istehsal olunmuş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün və yaxud başqa səbəbdən ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də Heydər Əliyev gəlir, hər dəfə bu problemi müsbət həll edirdi. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik.
   Ümummilli lider Heydər Əliyevin “Bir cənub şəhərində” filmi ilə bağlı xatirələrindən: “Bir cənub şəhərində” filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu. Deyirdilər ki, belə olmaz, bu bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. Yenə də Şolokovun (SSRİ daxili işlər naziri - red.) onun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər.
   Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu”.
   Rejissor R.Ocaqovun çəkdiyi “İstintaq” bədii filmi də yeni istiqamətli kino məhsullarından idi. Film nəinki Azərbaycan, həm də bütövlükdə sovet kinematoqrafiyasında hadisəyə çevrildi. Film Sovet İttifaqında mafiyanın mövcudluğu məsələsini cəsarətlə qaldırmış, vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur.
   “İstintaq” bədii filminin yaradılması ideyasını Heydər Əliyev vermiş, bu kino əsərinin ekrana çıxarılana qədər meydana gələn bütün maneələri də o özü dəf etməli olmuşdur. Sosial mövzuda çəkilmiş bu psixoloji dram, təsadüfi deyil ki, 1980-ci ildə Düşənbədə keçirilən XIII Ümumittifaq kinofestivalında ən yaxşı bədii filmə görə baş mükafat aldı, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət mükafatına layiq görüldü.
   Anarın “Şəhərin yay günləri” pyesinin motivləri əsasında “İmtahan” televiziya filminin çəkilməsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin - partizan “Mixaylo”nun şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqında əvvəlcə “Uzaq sahillərdə” əsərinin yazılması, sonra bu barədə hərbi-vətənpərvərlik filminin yaradılması ideyası da Heydər Əliyevə məxsusdur. Hətta “Babək” filminin çəkilişi ilə bağlı yaradıcı qrupa maneçilik törədiləndə yenə böyük öndər işə qarışdı, Moskvanın verdiyi vəsaitdən əlavə filmə respublika büdcəsindən 1 milyon rubl ayırdı.
   Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1971-ci ildə kinematoqrafçılarımızın və kinosevərlərin sevincinə səbəb olan bir hadisə baş verdi: “Azərbaycanfilm”in markası altında “Mozalan” satirik kinojurnalının ilk nömrəsi ekranlara çıxdı. Maraqlıdır ki, “Mozalan”ın hər bir buraxılışı o vaxtlar Azərbaycan KP MK-da göstərilirdi.
   Kinomuzun 1976-cı ildə keçirilən 60 illik yubileyində Heydər Əliyevin uzaqgörənliklə dediyi “Bir vaxt gələcək Azərbaycan kinosunun yaranma tarixi ilə bağlı yeni-yeni faktlar tapılıb üzə çıxarılacaq” sözləri də bu gün artıq gerçəkləşib, kinomuzun yeni yaranış tarixi nəinki üzə çıxarılıb, həm də tutarlı dəlillərlə sübuta yetirilib.
   1998-ci il mayın 2-də Azərbaycan kinematoqrafiyasının 100 illiyinə həsr olunmuş “Festivallar festivalı”nda təntənəli açılışdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev mərasim iştirakçıları qarşısında çıxış edərkən demişdi: “Bu gün biz bir kəşf etdik... göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur... Biz 1916-cı ili başlanğıc ili hesab edirdik... Lakin Azərbaycan kinosunun yaşını, əgər belə demək olarsa, on il, yaxud neçə il artırmaq ümumən heç sadə bir məsələ deyildir. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o, Azərbaycanda da peyda olmuşdur. Buna görə də bugünkü festival... mənim üçün məhz bu kəşflə dəyərə malikdir - onun həm sübutu ilə, həm də nümayiş etdirilməsi ilə...”.
   Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 1898-ci il avqustun 2-də Azərbaycanda ilk kinosüjetlərin nümayişini, eləcə də kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini nəzərə alaraq, avqustun 2-sini - Azərbaycan kinosu günü, kino işçilərinin peşə bayramı elan etmişdir. Ölkə başçısı həmin gün Azərbaycan kino xadimlərinin böyük bir qrupuna fəxri adların verilməsi barədə də fərman imzalamışdır. Hər il Milli Kino Günü geniş şəkildə qeyd olunur, bu sahədə çalışanların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Buna cavab olaraq kinematoqrafçılarımız kinomuzun inkişafına, onun böyük sənət aləmində layiqli yer tutmasına öz töhfələrini verirlər.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı