XX əsrin 20-ci illərinə qədər Azərbaycan teatr səhnəsində qadın obrazlarının ifaçıları kişilər olmuşdur. Teatrda azərbaycanlı aktrisaların olmaması rejissorları məcbur edirdi ki, qadın obrazlarını əcnəbi aktrisalara həvalə etsinlər. Bu da səhnə əsərlərinin bədii təcəssümündə, obrazların ifadəsində özünü göstərir, tamaşalar arzuedilən səviyyədə alınmırdı. Tədricən teatra gələn yerli aktrisaların istedad və bacarığı səhnə sənətimizə də uğur gətirdi. Orijinal ifası, bənzərsiz rolları ilə milli teatr və kino sənətinin inkişafında xüsusi xidməti olan aktrisalarımızdan biri də Ətayə Əliyeva olmuşdur.
Ətayə Qulam qızı Əliyeva 1920-ci il mayın 2-də Aşqabadda anadan olmuşdur. Məktəb yaşlarından sənətə meyil göstərmiş, teatr tamaşalarında həvəskar kimi çıxış etmişdir. Ətayə xanımın səhnəyə olan həvəsi onu 1934-cü ildə Bakı Teatr Texnikumuna gətirir. Birinci kursdan istedadlı aktrisanı Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. Az bir vaxtda teatrda oynadığı rollarla tamaşaçıların rəğbətini qazanan Ətayə xanım 1936-cı ildən İrəvan Azərbaycan Dram Teatrında çalışmağa başlayır, maraqlı obrazlarla tamaşaçıların sevimlisinə çevrilir. 1948-ci ildə isə Gəncə Dram Teatrına dəvət alır. Teatrın səhnəsini dolğun, parlaq yaradıcılığı ilə bəzəyən, tamaşalarda müvəffəqiyyətlə çıxış edən aktrisa görkəmli dramaturq C.Cabbarlının əsərlərinin baş qəhrəmanlarına uğurlu səhnə həyatı yaşadır.
1956-cı ildə yenidən Bakıya, Akademik Dram Teatrına qayıdır. Teatrın səhnəsində bir çox tamaşalarda oynayır, Sona (“Hacı Qara”), Nəzakət (“Sən həmişə mənimləsən”), Rəfiqə (“Yalan”), Pəri (“Pəri Cadu”) və başqa obrazların xarakteristikasını özünəməxsus səhnə yozumu, yeni ifadə vasitələri ilə təqdim edir.
* * *
Aktrisanın teatr yaradıcılığı kinoda yaratdığı rollara da uğur gətirdi. Ekranda yaratdığı ana rollarını Azərbaycan qadınının simvolu kimi yaddaşlarımızda əbədiləşdirdi. Ona tapşırılan rolların kiçik və böyüklüyündən asılı olmayaraq, aktrisa şablon improvizələrə, artıq jestlərə qətiyyən yol vermədən, ifanı əndazədən çıxarmadan rolun öhdəsindən bacarıqla gəldi, qadın psixologiyasının, xarakteristikasının incəliklərini cilaladı, dəqiq münasibətlərində hadisələrin şərhini verdi.
Görkəmli teatr və kino rejissoru olan Rza Təhmasib aktyor texnikasının bilicisi kimi Ətayə xanımı ilk dəfə «Onu bağışlamaq olarmı?» (1959) filminə dəvət edir. Filmdə hadisələrin gedişindən asılı olaraq aktrisa iki xarakter canlandırır. Evdar qadın Sara xala və leytenant Qarayeva obrazını. Birdən-birə kamera qarşısına keçən aktrisa üçün bir filmdə iki personajın fərqli cəhətlərini yaratmaq o qədər də asan deyildi. Obrazlar ilk baxışdan sadə görünsə də, özünəməxsus psixoloji məziyyətlərə malik idi. Hər iki obrazı dəqiqliklə işləmək lazım gəlirdi. Aktrisa bəzi kadrlarda incə improvizələrə yol verməklə peşə səriştəsini təsdiqləmiş oldu. Məsələn, Sara xalanın primus ustası ilə olan dialoqunu xatırlayaq. Pəncərəni silərək cani ilə söhbət edən Sara xala səmimi, təmkinli, sadə ev xanımı təsiri bağışlayır, amma o, eyni zamanda ayıq-sayıq milis işçisidir. Aktrisa vəzifəsini bacarıqla yerinə yetirən leytenant Qarayevanın simasında qorxmaz Azərbaycan qadınının, Sara xalanın simasında isə mehriban ana obrazını yaradır. Peşəkar cinayətkarların izinə düşən qanun keşikçilərinin axtarış üsullarından cani Tərlanın (aktyor Q.Tonunts) xəbər tutmaması, onun diqqətini yayındırması üçün leytenant Qarayevanın Sara xala rolunu oynaması əməliyyatın vacib şərtlərindən biri idi. Sara xala gənc bəstəkar Sevdaya (M.Abuyeva) kömək etməklə yanaşı, hər xırda detalı araşdırmaqla cinayətin izinə düşür. Leytenant Qarayevanın peşəsinə bağlılığı sanki ailəsi ilə işini bir arada tutmağa çalışan, özünü cəmiyyətdə şəxsiyyət kimi təsdiqləyən Azərbaycan qadınının xarakterik cəhətlərini göstərir. Ətayə Əliyevanın ekran yaradıcılığı neçə-neçə gənc aktrisanın peşə yönümünə işıq saçan mayak rolunu oynayır. Deməli, çoxsaylı tamaşaçı tərəfindən qəbul edilən sənət sənətkar sevgisinə, peşəkarlığına bağlıdır.
* * *
Ətayə xanımın ekranda sərbəst, orijinal ifasını, səsi ilə məntiqli oyun hormoniyasını görən kinorejissorlar onu filmlərinə dəvət etməyə başladılar. Aktrisanın “Azərbaycanfilm” kinostudiyasında lentə alınan «Bizim küçə» filmində (1961) Bəyim xala, «Telefonçu qız» filmində (1962) Simuzər, «Dağlarda döyüş»də (1967) Qəmbərin arvadı, «Uşaqlığın son gecəsi»ndə (1968) Mənsurə və başqa yaddaqalan obrazları hadisələrin reallığına zəmin yaradır, aktrisanın xarakterik siması hətta sözsüz kadrların da dinamikliyini gücləndirir, obrazı tamaşaçıya doğmalaşdıran məziyyətləri isə (hadisələrin emosional, real ifası ilə məntiqi əlaqə) filmlərə uzun ekran həyatı bəxş edir.
Aktrisanın “Dağlarda döyüş” (rejissor K.Rüstəmbəyov) filmində yaratdığı ana obrazı əsl Azərbaycan qadınına xas olan müsbət cəhətləri özündə cəmləşdirib. Qızı Hicranı (O.Sənani) sevən gənc sərhədçi Fərruxun dağlarda azması onu da bir ana kimi narahat edir. Həyat yoldaşı Qəmbərdən (M.Sənani) Fərruxun tapılması üçün sərhədçilərə kömək etməsini xahiş edir. Aktrisa obrazın insani keyfiyyətlərini bəyan edən bir neçə dəqiqəlik monoloqunda ailəcanlı, müdrik cəhətlərini sevə-sevə, həvəslə yaradıb. Bunu onun yaratdığı bütün rollarında görmək mümkündür. Ətayə xanımın ekran obrazlarının çoxu forma və məzmun etibarilə oxşar olsa da, ifa və plastika baxımından fərqlidir, rəngarəngdir.
Görkəmli kinorejissor Arif Babayevin çox baxılan, sevilən ekran əsərlərindən olan «Uşaqlığın son gecəsi» filminə uğur gətirən aktyor ansamblında Ətayə xanımın özünəməxsus yeri var. Onun ifası filmin estetik təsir gücünü qüvvətləndirir. Sadə həyat tərzi yaşayan Mənsurəni övladının xoşbəxtliyi və ailə bütövlüyündən başqa heç nə maraqlandırmır. O, gündəlik məişət problemlərini nizamlayan ev sahibəsidir. Gün başlayandan bitənə kimi ev işləri ilə məşğul olan Mənsurə gözü-könlütox, xoşbəxt bir qadındır. Ətayə Əliyeva ekranda təbii təsir bağışlayan kamil ana obrazlarının fonunda xoşsimalı Azərbaycan qadınını canlandırır.
Akrtisanın diqqət çəkən ekran obrazlarından biri də “Bizim küçə” filmindəki Bəyim xaladır. İkinci Dünya müharibəsinin ilk illərində qızını itirmiş Bəyim xala həyatını işinə həsr etməklə dərdini unutmağa çalışır. Qızı Saranın (R.Məmmədova) nisgili onun nəinki saçlarını ağartmış, gözlərində həyat sevincindən əsər-əlamət belə qoymamışdır. Dəhşətli müharibənin dəhşətlərindən biri də insanları doğmalarından uzaqlaşdırması, onları cismən, mənən, ruhən təkləməsi, öldürməsidir. İllərin acısını qəlbinə axıdan xəstə ananın məlhəmi yalnız övladıdır. Həmişə qara rəngli, dərdli libasına bürünən Bəyim xala yalnız qızının sağ olduğunu biləndən sonra həyatın mənasını dadırmış kimi gülür, sevinir. Ətayə Əliyeva Bəyim xalanın taleyinə yazılan, yaşamağa məhkum olduğu acı həyatı xırda elementlərinə qədər cilalamaqla, bir ananın faciəsini güclü, daxili potensialı hesabına göstərməklə dramaturji materialın (ssenari müəllifi İ.Qasımov) monumentallığını ekranda bir daha vurğuladı, filmin dəyərini artırdı. Milli kinomuza hər ifasında uğur gətirən belə sənətkrların sayəsində də XX əsrdə çəkilən filmlərə baxmağa üstünlük verənlərin arasında yeni nəsil tamaşaçılarının da sayı gündən-günə artır.
Ətayə Əliyeva “Azərbaycanfilm”də çəkilən bir sıra filmlərdə qadın obrazlarını peşəkar səsləndirməklə dublyaj sənətimizə də uğur qazandırıb. Onun ifadəli, obrazlı səs tembri ilə səsləndirdiyi Şamama (“İnsan məskən salır”), Xatun (“Qanun naminə”), Əsmərin anası (“Gün keçdi”), Gözəl xala (“Mən ki, gözəl deyildim”), Mustafanın arvadı (“Bir cənub şəhərində”), Ruqiyyə (“Əsl dost”) və başqa obrazları filmlərin aparıcı qüvvəsi kimi yaddaşlara yazılıb.
Aktrisa radio və televiziya tamaşalarında yaratdığı müxtəlif səpkili rolları ilə də («General» (1970), «Topal Teymur» (1983), «Analar» (1987) və s.) vurulduğu sənətini çoxsaylı dinləyicilərə, tamaşaçılara sevdirib. Onun məlahətli və ifadəli səsi obrazlara olan münasibətini dəqiq bildirirdi. Buna görə də heç bir qüsura yol vermədiyi səs artikulyasiyası rolların reallığına təminat verir, dublyajın keyfiyyətini artırırdı.
Ətayə xanımın teatr və kinoda yaratdığı rolları onun həyat mövqeyindən qidalanıb, müsbət cəhətləri isə aktrisaya onlarla insanın sevgisini, rəğbətini qazandırıb. Sənətdə qazandığı uğurlara görə Ətayə Əliyeva 1964-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adını alıb. Sevimli aktrisa 1995-ci il aprelin 6-da Bakıda vəfat edib. Onun kinoda sevgi və ehtiramla yaratdığı obrazlara baxanda isə elə aktrisanın simasında hörmətə layiq Azərbaycan qadınını xatırlayırıq.
Şəhla Bürcəliyeva,
kinoşünas