Azərbaycanın Ankaradakı səfirliyi və Yeni Dünya Vəqfi Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib. Tədbirdə iki ölkənin millət vəkilləri, elm adamları, diaspor fəalları, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
   Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına müxtəlif ölkələrdən gənclərin dəstəyini əks etdirən film nümayiş olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film göstərilib.
   Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin üzvü İsrafil Kışla, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov çıxış ediblər. 26 il əvvəl Xocalıda baş verənlərin bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu, bu cinayətə beynəlxalq birliyin biganə qaldığı, Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığı vurğulanıb.
   Ankara Universitetinin müəllimi Cavid Abdullazadə 1992-ci ilin 26 fevralında Xocalıda baş verən faciənin bir soyqırımı olduğunu tarixi faktlar və beynəlxalq hüquq prinsipləri ilə əsaslandırıb. Qeyd olunub ki, bu cür hadisələrin təkrarlanmaması üçün soyqırımı törədənlər mütləq cəzalandırılmalıdır.
   
   Mehparə Sultanova
   Ankara