Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Bəxtiyar Vahabzadə” beynəlxalq mükafatına layiq görülüb. Mükafatı İrfan Çiftçiyə AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib.
Xalq yazıçısı bildirib ki, müşavir vəzifəsinə təyin edildiyi bir il müddətində İ.Çiftçinin keçirdiyi müxtəlif layihələr, tədbirlər qardaş ölkələr arasında ədəbi əlaqələri daha da möhkəmləndirib. Azərbaycanlı yazarların Türkiyədə, türkiyəli yazarların Azərbaycanda kitabları nəşr olunub, görüşlər təşkil edilib, poeziya və nəsr nümunələrindən ibarət antologiyalar hazırlanıb.
Bu mükafatın onun həyatında əhəmiyyətli yeri olduğunu deyən İ.Çiftçi bu diqqətə görə hər kəsə öz təşəkkürünü bildirib. O, iki qardaş ölkənin mənəvi sərvətlərinin tanıdılması yönündə bundan sonra da əzmlə çalışacağını deyib.