Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən və bu il təhvil verilməsi nəzərdə tutulan ekran əsərlərindən biri də rejissor Elxan Cəfərovun yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında çəkdiyi “Dolu” filmidir.
Elxan Cəfərov filmin hazırkı vəziyyəti haqqında məlumat verdi: “Filmin montaj prosesi yekunlaşmaq üzrədir. Lakin filmə əlavə kadrlar lazım olduğundan daha bir neçə çəkiliş nəzərdə tutulub. Film istehsalında bu cür proseslər olur. Belə ki, montaj prosesi bitdikdən sonra müəyyən əlavələr meydana çıxa bilir. Bildiyiniz kimi, ssenariyə uyğun olaraq filmdə böyük döyüş səhnələri var. Xüsusən də son səhnə - zirehli texnikalarla hücum səhnəsi çəkilməlidir. Ötən il vaxt məhdudiyyətindən bu çəkiliş təxirə salındı. Ona görə də may ayının sonunda üç çəkiliş günü nəzərdə tutulub. Hazırda çəkiləcək kadrları çıxmaqla film tam montaj olunmuş variantdadır. Səsləndirmə və qrafika işləri də son mərhələsindədir. Bütünlükdə filmin iyun ayında təhvil verilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, 2011-ci ilin yay aylarında çəkilişinə start verilən filmin ssenaristi Aqil Abbas, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, icraçı prodüseri Nadir Əliyevdir. Film Qarabağ mövzusundadır. Ön cəbhədə, döyüş bölgəsində insanların psixoloji portretləri canlandırılır.
Rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov, Oqtay Quliyev, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova, Şamil Süleymanov, Şahmar Qəribli, Sabir Məlikov, Əliqulu Səmədov, Pərviz Bağırov, Məhərrəm Musayev, Corc Qafarov, Mayak Kərimov çəkiliblər.
Reyhan