Dövlət Film Fondunda konfrans
Mayın 8-də Dövlət Film Fondunda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Fondun foyesində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Konfransda çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev dahi şəxsiyyət Heydər Əliyevin çoxsahəli fəaliyyətindən, mədəniyyətə, incəsənətə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, xalq artistləri Amaliya Pənahova, Tariyel Qasımov və başqaları ümummilli liderin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirmişlər. Vurğulanmışdır ki, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında, milli mədəniyyətimizin, incəsənətimizin, elmimizin, kino sənətinin inkişafında ulu öndərin misilsiz xidmətləri olmuşdur.
Çıxışlarda qeyd olunmuşdur ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Azərbaycanı bəlalardan qorumuş, ölkəni xaos və anarxiyadan, qardaş qarşıdurmasından xilas etmiş və dünya xəritəsindən silinməsinin qarşısını almışdır.
Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin “Apostrof” nəşriyyatında çapdan çıxmış “Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası” kitabının ikinci nəşrinin təqdimatı keçirilmişdir.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor Aydın Dadaşovdur.