Astanada dünya soyqırımlarına həsr olunmuş fotosərgi təşkil olunub
   
   Qazaxıstanın paytaxtı Astanada “Bir də heç zaman: Aşarşılık, Holokost, Kamboca, Xocalı, Ruanda” adlı fotosərgi keçirilib.
   Dünyada insanlığa qarşı törədilən cinayətlərə - Kamboca (1975-1979), Ruanda (1994), Xocalı (1992) və Holokost (1941-1945) soyqırımlarına, Aşarşılık (1932-1933; Qazaxıstanda aclıq) həsr olunmuş sərgi dörd zonaya bölünüb.
   Azərbaycanın Qazaxıstandakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə baş tutan fotosərgidə insanlıq tarixində dəhşətli soyqırımlarının əks olunduğu fotolar nümayiş etdirilib.
   Tədbirdə çıxış edən ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayətdir. Səfir qeyd edib ki, biz istənilən təzahürün qarşısını ala bilmək üçün tariximizi bilməliyik, bizə yaxın olan xalqların tarixini öyrənməliyik. Dünyada xalqlar arasında sülh və həmrəylik qıtlığının yarandığı bir gündə tolerantlığın və multikulturalizmin möhkəmləndirilməsi üçün bu cür tədbirləri keçirməliyik.
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu tədbir dünyada qlobal problemlərdən birinə həsr olunub. Kamboca, Ruanda, Xocalı və Holokost soyqırımları, Aşarşılık qətliamı insan yaddaşında qanlı iz buraxıb. Xocalı faciəsindən 26 il keçməsinə baxmayaraq, insanların qəlbində ağrılarla xatırlanır. Müharibə və genosid sivilizasiyanı tərk etməlidir. Bu hadisələrin nəticəsində insanlar məhv olur, min illərlə yaradılan mədəniyyət abidələri dağıdılır. Məhz belə günlərdə türkdilli xalqlar ümumi irsin qorunması üçün daha da sıx birləşməlidirlər. 
   Astana şəhərinin baş ravvini Şmuel Karnaux Azərbaycan səfirliyinin soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndirib. 
   Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı, Holokost və digər soyqırımlarının tarixə və insanların qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.
   Çıxışlardan sonra fotosərgiyə baxış keçirilib. Tədbirə gələnlərə Xocalı faciəsi haqda ətraflı məlumat verilib.
   Sonra Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun pianoda ifaları təqdim olunub.
   Musiqisi Azad Ospanov tərəfindən bəstələnmiş, Xocalı soyqırımına həsr olunan “Fevral ildırımı” adlı yeni mahnı anım mərasimində qazaxıstanlı müğənni Neyla Quliyevanın ifasında səsləndirilib.