Fevralın 22-də İstiqlal Muzeyində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçirildi. 
   Tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəms açaraq qeyd etdi ki, Azərbaycan xalqı ermənilər tərəfindən bir neçə dəfə soyqırımına məruz qalıb. Xocalı soyqırımı bu tarixin ən qanlı səhifəsidir.
   1992-ci ilin qarlı qışında müstəqilliyinə yenicə qovuşan Azərbaycan xalqı əsrin dəhşətli faciələrindən birini yaşadı. Xocalı faciəsi XX əsr Azərbaycan tarixinə qara hərflərlə yazıldı. Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildi, sonrakı dövrdə soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlər görüldü.
   Memarlıq və İnşaat Universiteti Qadınlar şurasının sədri Salatın Əhmədova, muzeyin elmi işçisi Gülay Ramazanova Xocalı faciəsinin dəhşətlərindən danışdılar. 
   Bildirildi ki, faciə həyata keçirilən gecə şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən pusqularda qətlə yetirilib. Bu isə Xocalıdakı qırğının erməni işğalçıları tərəfindən öncədən planlaşdırılmış bir qətliam olduğunu sübuta yetirir. Vurğulandı ki, Xocalı soyqırımı 1988-ci ildən Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir.
   Çıxışlardan sonra 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən hazırlanan “Xocalını unutmayaq” adlı kompozisiya göstərildi. 
   Sonra tədbir iştirakçıları Memarlıq və İnşaat Universitetinin tələbələri Nəsrin Musaxanlı, Aytac Şükürova, Dəniz Baxışzadə və Aysel Ağazadənin 50-yə yaxın əl işinin yer aldığı sərgiyə baxmağa dəvət olundu. Tələbələrin “Qırışlarda əks olunan Xocalı”, “Şeytan düşüncələri”, “Qanlı soyqırımı”, “Mənim xəyallarım” və başqa rəsm əsərləri faciənin dəhşətlərini əks etdirir.
   Tədbirdə Xocalı faciəsinin şahidləri, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət İşçiləri İxtisasartırma Mərkəzinin əməkdaşları, Memarlıq və İnşaat Universitetinin tələbələri, Sərhəd Qoşunlarının hərbçiləri və digər qonaqlar iştirak edirdilər. 
   
   Savalan Fərəcov