Kinooperator Arif Nərimanbəyovun vəfatından 20 il ötür
   
   75 illik ömrünün 50 ilini Azərbaycan kinosunun inkişafına həsr etmiş Əməkdar incəsənət xadimi, kinooperator Arif Nərimanbəyov böyük və şərəfli yaradıcılıq yolu keçmişdir. O, sovet ölkəsi üçün çətin vaxtda, II Dünya müharibəsinin ağır günlərində, 1944-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib kinoya gəlmişdir.
   
   O vaxtlar bir tərəfdən alman faşizmi ilə aparılan ağır müharibə, digər tərəfdən də filmlərin az çəkilməsi, demək olar ki, gənclərin əl-qolunu bağlamışdı. Buna baxmayaraq A.Nərimanbəyov “Fətəli xan” və “Bakının işıqları” bədii filmlərində II operator kimi işləyir, “Quba bağlarında”, “Səhər nəğməsi” (Ə.Atakişiyevlə birgə), “Mingəçevir”, “Gənc leninçilər”, “Bərəkətli torpaq”, “Bakı və bakılılar”, “Azərbaycanın böyük kimyası” sənədli filmlərini çəkir. İnstitutda aldığı nəzəriyyəni Bakı kinostudiyasında təcrübə ilə müvəffəqiyyətlə əlaqələndirir.
   Rejissor Y.Dziqanın 1947-ci ildə Bakı kinostudiyasında çəkdiyi “Fətəli xan” tarixi-bioqrafik filmi XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan qubalı Fətəli xanın mübarizəsindən danışır. Filmin direktoru Yevdayevin Bakı kinostudiyasının direktoruna yazdığı məktubda operatorların ustalığından bəhs edərək deyirdi: “İşıqla əlaqədar havanın pis olması və günəşin çıxmaması ilə bağlı iki böyük natura dekorasiyasının - Dərbənd qalasının xarici görünüşünün (Buzovnada) və həmin qalanın daxili tərəfinin (studiyanın həyəti) çəkilişlərini günəşli hava bərpa olana qədər saxlamaq lazım gələcəkdi. Halbuki səhnələr üçün, çətinliklə də olsa, xeyli adam və süvari toplamışdıq.
   Baş operator Ə.Atakişiyev və operator A.Nərimanbəyov çəkiliş prosesini saxlamağın mümkünsüzlüyünü görüb həm tutqun, həm də günəşli havada çoxlu sayda hərbi projektorlardan bacarıqla istifadə edərək bu obyektləri lentə almışlar... Səmanın tonunun müxtəlif xarakterli olması çətinlik törədirdi. Ona görə də səmanın sıxlığını müxtəlif filtrlərlə tənzim etmək lazım gəlirdi...
   Beləliklə, bacarıqları, fərasətləri sayəsində biz çox qısa vaxt ərzində bu obyekti çəkib qurtara bildik... Bunları nəzərə alaraq baş operatora və operatora aylıq maaş həcmində mükafat verilməsini lazım bilirəm. Yevdayev. 4 dekabr 1947-ci il”.
   Bakı kinostudiyasının maddi-texniki bazasının zəif olmasına baxmayaraq Ə.Atakişiyev və A.Nərimanbəyov kimi sənətini sevənlər, işə can yandıranlar çalışır, filmlər çəkir, yeri gələndə vəziyyətdən çıxış yolu da axtarıb tapırdılar.
   A.Nərimanbəyov Bakı kinostudiyasında müstəqil fəaliyyətə başlayanda rejissor L.Səfərov onu “Bəxtiyar” bədii filminin çəkilişlərinə dəvət edir. Çəkilişlər quruda və dənizdə çətin şəraitdə aparılır.
   Neft Daşlarında çalışan gənc fəhlə-müğənninin həyatına həsr olunmuş bu musiqili film 60 ilə yaxındır ki, ekranlarda uğurla göstərilir. Burada musiqi nömrələri də var, interyerlər də, portretlər də. Filmin böyük hissəsi naturada - Bakının küçələrində, Neft Daşlarında, meydanlarda çəkilmişdir. Hamısı da müxtəlif rakurslardan. Bu zaman operator xeyli zəhmət çəkməli olmuş, estetik baxımından maraqlı portretlər yarada bilmişdir.
   Operator “Bəxtiyar” filmindən iki il sonra, yəni 1957-ci ildə mövzusu kənd əməkçilərinin gündəlik qayğılarından bəhs edən “Qızmar günəş altında” bədii filmini lentə alır. Astaranın subtropik bağları. Gözəl kənd mənzərələri, Azərbaycan təbiətinin füsunkar gözəllikləri və kənddə baş verən dramatik hadisələr. Biz ekranda baş verən bütün bu hadisələrə Arif Nərimanbəyovun kinokamerasının gözlüyündən baxır və bütün bunları maraqla seyr edirik.
   Operatorun bu və digər filmlərinə tamaşa edəndə aydın görmək olur ki, kadrın işıq-rəng həllini dərindən başa düşməsi, detallara diqqət yetirməsi və eyni zamanda geniş, ifadəli panoramlar çəkmək bacarığı, portret ustası olması, aktyor plastikasına xüsusi əhəmiyyət verməsi A.Nərimanbəyovun peşəkarlığına dəlalət edir. Bu keyfiyyətlər müasir mövzulu filmlərdə, tarixi-bioqrafik kino əsərlərində və musiqili janrda olan lentlərdə öz əksini tapmışdır.
   “Bir qalanın sirri” kino-nağılının təsvir həlli filmdə milli folklorun ruhunu və üslubunu çox gözəl ifadə etmişdir. Nağıl janrında film çəkmək nə qədər çətin və mürəkkəb olsa da, quruluşçu rejissor Ə.Atakişiyev və quruluşçu operatorlardan A.Nərimanbəyov və M.Mustafayev bunun öhdəsindən müvəffəqiyyətlə gəlmişlər. A.Nərimanbəyov bu və digər filmlərində, o cümlədən “Möcüzələr adası”, “İnsan məskən salır”, “Var olun, qızlar”, “Dərviş Parisi partladır”, “Nizami”, “Bayquş gələndə”, “Onun bəlalı sevgisi” və s. kinolentlərdə təbiət mənzərələrinin, memarlıq abidələrinin, dəniz lövhələrinin lentə alınmasında böyük ustalıq və bacarıq nümayiş etdirmişdir.
   Bu, kinorejissor Həsən Seyidbəylinin 1963-cü ildə quruluş verdiyi, Xəzər neftçilərindən bəhs edən “Möcüzələr adası” bədii filmində operator işinin ustalığı özünü parlaq şəkildə göstərir. Film sənət baxımından hadisəyə çevrilməsə də, baxımlı, əsrarəngiz operator işi nümunə kimi Azərbaycan kino tarixinə daxil oldu. Ekran əsərində kinooperatordan böyük cəsarət tələb edən çəkilişlər mürəkkəb şəraitdə aparılırdı. Operator Xəzərin ortasında vertolyotdan çəkilişlər apararkən “Azərbaycanfilm” kinostudiyasına zəng vurub deyirlər ki, Arif müəllim vertolyotla birgə dənizə düşüb. Sonra aydın oldu ki, doğrudan da vertolyot dənizə düşəcəkmiş. Lakin pilot, böyük çətinliklə də olsa, maşını səmaya qaldıra bilib. Sonra o, hirslə operatora deyibmiş ki, bir daha onunla risk edib havaya qalxmayacaq. Lakin ekipaj operatorun xahişi və təkidi ilə həmin gün və ertəsi gün yenidən vertolyotla dənizdə çəkilişləri davam etdirir...
   Operator istər “Möcüzələr adası”, istərsə də “İnsan məskən salır” kino əsərlərində Xəzər üzərində salınmış neft şəhərinin romantikasını, polad dirəklərin gözəlliyini kinonun yeni təsvir vasitələri ilə, poetik lövhələrlə açıb göstərə bilmişdir. Xüsusilə “İnsan məskən salır” filmində bəstəkar Qara Qarayevin filmə yazdığı musiqi parçaları səsləndikcə Xəzər dənizi və onun üzərində salınmış şəhərin təsviri daha əzəmətli və romantik görünür.
   A.Nərimanbəyov 30-dan artıq bədii və sənədli filmin operatoru olmuşdur. Sənət baxımından bu filmlərin zəifi də var, bədii cəhətdən fərqlənənləri də. Yüksək bədii səviyyəli filmlərdə operatorun istedadı, peşəkarlığı daha qabarıq şəkildə özünü göstərmişdir.
   Rejissor H.Seyidbəylinin “Bizim Cəbiş müəllim” filmi Böyük Vətən müharibəsi illərində Qələbə naminə hər cür maddi çətinliklərə dözüb ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açır. Filmdə ağır müharibə illərinin Bakısı inandırıcı boyalarla təsvir olunmuşdur. Tamaşaçı ekranda cərəyan edən hadisələrə, sadəcə, baxmır, sanki bu hadisələrin iştirakçısına çevrilir.
   Filmin mövzusu ilə bərabər güclü aktyor oyunları da diqqətdən yayınmır. Aktyor S.Ələsgərovun ifa etdiyi Cəbiş müəllim dünya görmüş, xeyirxah, nikbin ruhlu bir insandır. Biz onu sadəlövh kimi qəbul edirik. Onun hərəkətlərindəki qeyri-adilik məhz sadəlövhlüyündən, həyatsevərliyindən, insanlara qarşı humanistliyindən irəli gəldiyi göz qabağındadır. Cəbiş müəllimin xarakterindəki bu cəhətlər, onun arvadının çılğınlığı ilə bərabər balalarının ac qalmaması üçün dəridən-qabıqdan çıxması operator tərəfindən müxtəlif işıqlandırmalardan istifadə etməklə ustalıqla lentə alınmışdır.
   Kinorejissorlar onunla çox həvəslə işləyiblər. A.Nərimanbəyovla birgə işləyən rejissor onunla həmfikir olur, yaradıcılıq əməkdaşlığını davam etdirməyə çalışır. O, rejissor L.Səfərovla “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun”, rejissor H.Seyidbəyli ilə “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, rejissor Ş.Mahmudbəyovla “Qaraca qız”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”, “Bayquş gələndə” filmlərində işləmişdir.
   “Qaraca qız” kinonovellası lirik planda çəkilmiş poetik bir hekayətdir. Yazıçı S.S.Axundovun eyni adlı hekayəsi əsasında ekranlaşdırılmış bu kiçik filmdə Tutu adlı yetim bir qızın böyük dünyasından, onun xeyirxahlığından və cəsarətindən, faciəli həyatından danışılır. Bu novella operator tərəfindən çox yumşaq, lirik tonda, heyran ediləcək dərəcədə səmimi lentə alınmışdır.
   A.Nərimanbəyov tanınmış kinorejissor E.Quliyevlə üç filmdə - “Var olun, qızlar”, “Ürək..., ürək...” və “Nizami” kino əsərlərində işləmişdir. E.Quliyev Arif müəllimlə əlaqədar müsahibələrinin birində demişdir: “Arif Nərimanbəyovun incə zövqü var. O, dramaturgiyanı dərindən başa düşür və onu kinonun təsvir vasitələri ilə ekran dilinə çevirməyi bacarır. Operator sənəti məktəbi çoxdur. Mən şəxsən Nərimanbəyovun yaradıcılığını klassik məktəbə aid edirəm. Çünki onun kamerası statik təsir bağışlasa da, operator daxili gərginliyə daha çox diqqət yetirir”.
   Biz bunu A.Nərimanbəyovun quruluşçu operatoru olduğu “Nizami” bədii filmində də görə bilərik. Operator çəkiliş vaxtı işıqlardan bacarıqla istifadə edir, kadrın kompozisiya cəhətdən bitkin olmasına səy göstərirdi. Zaur Məhərrəmovla birgə çəkdiyi “Dərviş Parisi partladır” kinokomediyasına və ya digər filmlərindəki kadrlara baxanda elə bil ekranda rəngkarlıq əsərini görürsən.
   A.Nərimanbəyovu fərqləndirən cəhətlərdən biri də aktyorlara böyük hörmətlə yanaşması idi. O, əsl portret ustası idi, bu sahəni çox gözəl bilirdi. Həm də portret onun üçün məqsəd deyil, qəhrəmanın xarakterini, daxili aləmini, onun keçirdiyi psixoloji vəziyyətləri tamaşaçıya çatdırmaq vasitəsi idi. Biz bunu “O qızı tapın”, “Ürək, ürək”, “Nizami”, “Həyat bizi sınayır” filmlərində, “Leyli və Məcnun” kino-dastanında görə bilərik.
   Arif Nərimanbəyovun yaradıcılığı gənc operatorlar üçün əsl nümunədir. Özü aramızda olmasa da, gözəl sənətkar Arif Nərimanbəyovun kinooperator sənəti yaşayır.
   Rejissor R.Ocaqovun yaratdığı “Özgə ömür” filmində A.Nərimanbəyov aktyor kimi də özünü sınamış, həkim Əsədov rolunu ifa etmişdir. Həmin kadrlar gələcək nəsillərə yadigar qalacaqdır.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar