Fevralın 17-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində “Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirilib.
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi, Saatlı şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəb və Cəbrayıl rayonunun Saatlıda yerləşən Tatar kənd tam orta məktəbinin birgə təşkil etdiyi tədbir Cocuq Mərcanlı kənd Mədəniyyət evində gerçəkləşib.
Tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Saatlı rayon MKS-nin baş metodisti, Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor Mehdi Mehdizadənin şagirdlərin iştirakı ilə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. “Xocalı qisasa çağırır bizi!” adlı kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək belə bir tədbirin Cocuq Mərcanlı kənd Mədəniyyət evində keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri, müharibə əlili Ədalət Məhərrəmov, Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, birliyin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı şəhərindən məcburi köçkün, soyqırımı zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş rabitəçi Dürdanə Ağayeva və başqaları çıxış edərək şəhidlərimizin qisaslarının alınması üçün Azərbaycan xalqını birliyə səsləyiblər.
Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.