Mayın 16-da 65-ci Beynəlxalq Kann kinofestivalı işə başlayıb. Bu il ikinci dəfədir ki, dünyanın ən mötəbər kino müsabiqəsində ölkəmizin bayrağı dalğalanır. Festivalda Azərbaycanın pavilyonu quraşdırılıb. “Azərbaycanfilm” kinostudiyasının loqotipi ilə bəzədilmiş pavilyonda kinomuzun tarixi, bugünkü potensialı, birgə film istehsalı imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim edilib. Burada Azərbaycanın turizm imkanları da geniş təqdim olunub.
   Pavilyonda qurulmuş monitorda rejissor İlqar Nəcəfin “Buta” bədii filmi nümayiş edilib. Ekran əsərini seyr edən müxtəlif ölkələrin nümayəndələri və festival iştirakçıları filmin milli folklora və ənənələrə söykənməklə yanaşı, Avropa tamaşaçılarının anlaya biləcək tərzdə çəkildiyini bildiriblər. Həmçinin filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatına layiq görüldüyü haqqında tamaşaçılara məlumat verilib.
   Festival proqramlarından birində iki qısametrajlı filmimiz də təmsil olunur. Bu, “Ultra production” şirkətinin çəkdiyi “İnkoqnito” və “İz production”un istehsal etdiyi “Susma!” filmləridir.
   Festival Ues Andersonun “Bədirlənmiş ay Krallığı” (Moonrise Kingdom) filmi ilə açılıb. Yeniyetmələrin sevgisindən bəhs edən filmdə baş rolları Brüs Uillis və Bill Mürrey ifa edirlər. “Qızıl palma budağı” uğrunda əsas mübarizədə 22 film yarışır. Onların arasında David Kronenberq “Kosmopolis” (Cosmopolis), Mixail Hanek “Məhəbbət” (Amour), Uolter Salles “Yolda” (On the road), həmçinin Jak Odiard, Li Daniels, Abbas Kiarostami, Sergey Loznitsa və s. rejissorların filmi yer alır. Festival mayın 27-dək davam edəcək və qaliblərin adı həmin gün açıqlanacaq.
   Festivalın qonaqları arasında Yeva Lonqoriya, Frida Pinto, Oleq Bolduin, Bryüs Uillis və digər kino ulduzları var. Kinofestivalın münsiflər heyətinə italyan kinorejissor, prodüser və aktyor Nanni Moretti başçılıq edir. Onunla birlikdə münsif kreslosunda aktyorlar Diana Krüqer, Hiam Abbas, Evan MakQreqor və Emanuel Devo, rejissorlar Aleksandr Peyn, Andrea Arnold və Raul Pek yer alıblar.
   Həmçinin festivalın tarixində ilk dəfə olaraq dünya şöhrətli modelyer Jan Pol Qotye də münsif heyətinin üzvüdür. Festivalın emblemini isə məşhur aktrisa Merlin Monronun fotosu bəzəyir. Bu il dünya kinematoqrafında əbədi cazibə simvolu olan aktrisanın ölümündən 50 il keçir.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar