Qarabağ mövzusunda filmlər təqdim olundu
   
   Mayın 20-də “Bakı” kinoteatrında “Qələmdən kadra: Qarabağ” adlı qısametrajlı filmlər festivalı keçirildi. “PP-Cinema” prodakşının təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşən tədbirdə gənc rejissorların Qarabağ mövzusunda filmləri təqdim olundu. Festivala qatılan 20-dək ekran əsəri kinoşünas Aydın Kazımzadə, “Yuğ” teatrının direktoru Tərlan Rəsulov, “Yuğ” teatrının aktrisası Yaqut Paşazadə və başqalarının yer aldığı münsiflər heyəti tərəfindən qiymətləndirildi, müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edildi.
   “Ən yaxşı rejissor işi” nominasiyasında Ər-Toğrulun “Ömürlük əsir” (1-ci yer), Seyran Mahmudoğlunun “Döyüntü”, Möhsün Quliyevin “Fobiya”, Firdovsi Nəbiyevin “Bəxt” və Kamal Məmmədovun “Beş” filmləri mükafatlandırıldı.
   “Ən yaxşı aktyor” nominasiyasında “Bəxt” filmindəki roluna görə Murad Abdullayev, “Ən yaxşı aktrisa” nominasiyasında “Döyüntü” filmindəki roluna görə Adilə Məmmədova mükafata layiq görüldülər. “Ən yaxşı qadın rejissor” nominasiyasında Könül Əlibəylinin “Zərbə” filmi diploma layiq görüldü.
   Tədbirdə ilk festivalın münsif heyətinin üzvü olan Əməkdar incəsənət xadimi, tanınmış telerejissor Tariyel Vəliyevin xatirəsinə həsr olunmuş videoçarx da nümayiş olundu.    

  Reyhan