Mayın 16-da işə başlayan 65-ci Kann kinofestivalında əsas müsabiqə və digər proqramlar çərçivəsində filmlər nümayiş olunur. Kinofestivalda ölkəmizin nümayəndə heyəti də iştirak edir.
   
   Xəbər verdiyimiz kimi, bu il ikinci dəfədir ki, dünyanın ən mötəbər kino müsabiqəsində ölkəmizin pavilyonu fəaliyyət göstərir. “Azərbaycanfilm” kinostudiyasının loqotipi ilə bəzədilmiş pavilyonda kinomuzun tarixi, bugünkü potensialı, birgə film istehsalı imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim edilir.
   Pavilyonu ziyarət edən qonaqlar bu materiallarla tanış olur, son illərdə çəkilmiş bədii (“Buta”, İlqar Nəcəf) və sənədli (“İnkoqnito” - “Ultra production”, “Susma!” - “İz production”) ekran əsərlərinə tamaşa edirlər.
   Azərbaycan pavilyonunda müxtəlif ölkələrdən olan festival iştirakçıları ilə işgüzar görüşlər və danışıqlar davam edir. Bir həftə ərzində onlarla xarici kino şirkəti, festival, kino məktəbinin nümayəndələri ilə keçirilən danışıqlar zamanı bir sıra razılıqlar əldə olunub, layihələr müzakirə edilib.
   Aleksandr Dovjenko adına Ukrayna Kino Mərkəzinin nümayəndələri ilə görüş zamanı ukraynalı həmkarlar Dziqa Vertovun bərpa edilmiş səssiz filmlərini azərbaycanlı həmkarlarına hədiyyə ediblər. 1923-cü ildə Bakıda çəkilmiş “Qız Qalası dastanı” filminin yeni həyat almış versiyası ukraynalı həmkarlara təqdim olunaraq bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa edilmiş filmə orijinal musiqi bəstələnib. Bu, gələn il 90 illiyini qeyd edəcək “Azərbaycanfilm”in ilk filmidir. Yaxın gələcəkdə Bakıda filmin təqdimatı keçiriləcək.
   Kann kinofestivalına mayın 27-də yekun vurulacaq. Festivalın favoritləri arasında məşhur iranlı kinorejissor Abbas Kiarostaminin Yaponiyada çəkdiyi “Sanki sevən adam olaraq” filmi də var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar