Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun yaranmasının 60 ili tamam olur.
   1958-ci ildə təsis edilən institutun ilk direktoru tanınmış mənbəşünas və mətnşünas alim, akademik Əbdülkərim Əlizadə olub. Hazırda instituta akademik Gövhər Baxşəliyeva rəhbərlik edir. 1998-ci ildə Şərqşünaslıq İnstitutuna görkəmli alim, 15 ilə yaxın bu elm ocağına rəhbərlik etmiş akademik Ziya Bünyadovun adı verilib. 
   İnstitutda əsasən Şərq ölkələrinin ictimai-siyasi, mədəni inkişafı, Şərq xalqlarının tarixi, filoloji, dini-fəlsəfi irsinin tədqiqi, yazılı abidələrin araşdırılması və s. istiqamətlərdə tədqiqat işləri aparılır. Son illər ərzində institut tərəfindən 600-dən çox monoqrafiya, məqalələr məcmuəsi və kitab nəşr edilib. 
   AMEA-nın Rəyasət heyətinin qərarı ilə Şərqşünaslıq İnstitutunun 60 illiyi münasibətilə konfransın keçirilməsi, yubileylə bağlı kitabın nəşri və digər tədbirlər nəzərdə tutulub.