Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə təhvil verilməsi nəzərdə tutulmuş beş filmin çəkiliş prosesi başa çatıb. Kinostudiyadan aldığımız məlumata görə, bu sıraya “Sübhün səfiri”, “Qisas almadan ölmə”, “Dolu”, “Çölçü” və “Arı” filmləri daxildir.
   
   Milli dramaturgiyamızın banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş “Sübhün səfiri” tammetrajlı bədii filminin ssenari müəllifi Xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur. Filmdə xalq artistləri Rasim Balayev, Aleksandr Şarovski, Məbud Məhərrəmov və digər aktyorlar çəkiliblər.
   “Qisas almadan ölmə” tammetrajlı bədii filminin ssenari müəllifi və rejissoru Xalq artisti Oqtay Mirqasımovdur. Filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması zamanı yaşadıqları faciənin əks-sədası üzərində qurulub. Filmin operatoru Nikolay İvasiv, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Feldir. Ekran əsərində Xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov və başqaları rol alıb.
   Aqil Abbasın “Dolu” romanının əsasında çəkilən eyniadlı filmin ssenarisini müəllif özü yazıb. Ekran əsərinə rejissor Elxan Cəfərov quruluş verib. Film Qarabağ müharibəsindən bəhs edir.
   İnsan amilinin əsas faktor kimi götürüldüyü fəlsəfi dram olan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu rejissoru Şamil Əliyevdir. “Arı” filminə isə Ayaz Salayev quruluş verib.
   
   Lalə Azəri