Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Respublikasının Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi qrupu yaradılıb.
Turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə yaradılan İşçi qrupun iclaslarında prioritet məsələlər müzakirə olunub və aidiyyəti qərarlar qəbul olunaraq icra edilib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə fevralın 28-də keçirilən İşçi qrupun üçüncü iclasında Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan nazir müavini Sevda Məmmədəliyeva son dövrlər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə turizmlə bağlı təsdiq edilmiş normativ-hüquqi aktların həyata keçirilməsi nəticəsində sahənin inkişafı üçün münbit şəraitin yaradıldığını, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsasının qoyulduğunu, habelə milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldiyini bildirib.
Eyni zamanda görülən işlər nəzərə alınaraq, turizm sahəsində təhsil, o cümlədən peşə təhsili istiqamətində fəaliyyətin əlaqələndirilməsi, qabaqcıl təcrübənin tətbiqi və müasir dövrün tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğu qeyd edilib.
Toplantıda İşçi qrupun yeni tərkibi və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı hazırlanmış təfsilatlı tədbirlər planı təqdim edilib, həmçinin sahə üzrə təsdiq edilmiş qanunvericilik aktlarına uyğun olaraq görülmüş işlər və həyata keçirilməli məsələlər ətrafında müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə razılaşdırılmış Strateji Yol Xəritəsi üzrə təfsilatlı tədbirlər planının icrasının təmin edilməsi, habelə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən turizm sahəsi üzrə təhsilə dair təsdiq edilmiş aidiyyəti normativ-hüquqi sənədlərlə bağlı qarşıda duran vəzifələrin icrasının sürətləndirilməsi və xüsusilə 2018-ci il üzrə icrası yekunlaşdırılmalı bəndlərin nəzarətdə saxlanılması qərara alınıb.