Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında məktəblilər arasında keçirilən “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi davam edir. Müsabiqənin fevral ayında başlanan I turu iki mərhələdən ibarətdir və aprel ayınadək davam edəcək.
   
   Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada bədii qiraət müsabiqəsinin birinci mərhələsi keçirilib. MKS-nin direktoru Eldar Urufov müsabiqə haqqında məlumat verib. Sonra şagirdlərin çıxışları dinlənilib. 48 nəfər iştirakçı arasından 8 nəfər seçilib. Martın 9-da keçiriləcək növbəti dinləmədə onlardan bir nəfər (MKS üzrə) qalib ikinci mərhələyə vəsiqə qazanacaq.
   * * *
   Xaçmaz rayon Mərkəzi kitabxanasında “Nəsimi poeziyası” qiraət müsabiqəsində 1-ci turun sonuncu mərhələsi olub. İlk dinləmədə seçilmiş 15 məktəbli arasından Xaçmaz şəhər 2 saylı məktəbin VII sinif şagirdi Nigar Bəybalayeva qalib kimi növbəti mərhələyə keçib.
   * * *
   Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanada da bədii qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirilib. İlk dinləmədə 26 məktəbli arasından 12 nəfər seçilib. Növbəti dinləmədə Qax şəhər 2 saylı orta məktəbin XI sinif şagirdi Jalə Əfəndiyeva qalib olaraq Şəkidə (regional idarə üzrə) keçiriləcək ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.
   * * *
   Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon MKS-də də “Nəsimi poeziyası” müsabiqəsinin I turunun ilk mərhələsi başa çatıb. Şagirdlərdən 3 nəfər münsiflər tərəfindən seçilərək növbəti dinləmə mərhələsinə keçib.
   * * *
   Astara rayon Mərkəzi kitabxanasında müsabiqənin birinci mərhələsində 38 şagird iştirak edib. Məktəblilər İmadəddin Nəsiminin yaradıcılığından qəzəllər və qəsidələr ifa ediblər. Münsiflər heyətinin qərarına əsasən, fərqlənən 6 nəfərə fəxri fərman verilib. Siyakü kənd tam orta məktəbin X sinif şagirdi Ruhiyyə Quluzadə qalib elan olunub və müsabiqənin birinci turunun ikinci mərhələsində iştirak hüququ qazanıb.