“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi və milli kinomuzun “qızıl fond”una daxil olan yeddi ekran əsəri Qırğızıstanın televiziya kanalında nümayiş olunacaq. Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, bu ölkənin "5-ci kanal" televiziyasında kino mədəniyyətimizin Qırğızıstan xalqına təbliğ olunması məqsədilə "Azərbaycan kinosu həftəsi" keçiriləcək. Həftə ərzində tamaşaçılara müxtəlif illərdə lentə alınmış filmlərimiz təqdim olunacaq.
Qeyd edək ki, Qırğızıstan telekanalında nümayiş etdiriləcək filmlərın siyahısına "Bəxtiyar" (1955, rejissor Lətif Səfərov), “Leyli və Məcnun" (1961, Lətif Səfərov), "Sehrli xalat" (1964, Əlisəttar Atakişiyev), "Yeddi oğul istərəm" (1970, Tofiq Tağızadə), “Nəsimi” (1973, Həsən Seyidbəyli), "Sizi dünyalar qədər sevirdim" (1985, Rasim İsmayılov) və "Üzeyir ömrü” (1981, ssenari müəllifi və rejissoru Anar) filmləri daxildir.