Azərbaycan Xalq Cümhuriyyəti 100 
   
   
   Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə mədəni quruculuq istiqamətində də mühüm işlər həyata keçirilib. Hökumətin çox mürəkkəb iqtisadi-siyasi şəraitdə gerçəkləşdirdiyi islahatlar içərisində kitabxana və muzey işi ilə bağlı addımlar müstəsna əhəmiyyətə malikdir. 
   Çar hökumətindən Xalq Cümhuriyyətinə mütəşəkkil kitabxana şəbəkəsi və muzeylər miras qalmamışdı. Çünki imperiyanın ucqarlarında dövlət kitabxanaları yaratmaq və onları maliyyələşdirmək müstəmləkəçilik ruhuna uyğun deyildi. Yerlərdə milli kitabxanaların təşkilinə asanlıqla icazə almaq da mümkün olmurdu. 
   Araşdırmalarda qeyd olunur ki, XX əsrin əvvəllərində Bakı şəhərində və bölgələrdə müxtəlif cəmiyyətlərin və ayrı-ayrı şəxslərin yaratdığı kitabxanaların əksəriyyəti 1917-1918-ci illərdə baş verən ictimai-siyasi qarışıqlıq vəziyyətində (çarizmin süqutu, ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi qırğınlar və s.) fəaliyyətini dayandırmışdı. Belə mürəkkəb bir şəraitdə qurulan Cümhuriyyət ilk günlərdən maarif və mədəniyyətin inkişafını diqqət mərkəzində saxlayırdı. Bu sahələrə rəhbərlik Xalq Maarif Nazirliyinə həvalə olunmuşdu. Nazirliyin həyata keçirdiyi tədbirlər içərisində kitabxanaların qeydiyyatının aparılması, onların kitablarla təmin edilməsi mühüm yer tuturdu.
   
   Xarici ölkələrdən minlərlə kitab alınıb
   
   Yeni qurulmuş respublikada ciddi maliyyə çətinliklərinə baxmayaraq, parlament 18 sentyabr 1919-cu ildə xalq məktəbləri kitabxanalarına türk dilində kitablar almaq üçün 1 milyon manat ayrılması haqqında xüsusi qanun qəbul edir. Sənədə əsasən, məktəb kitabxanaları Azərbaycanda nəşr edilən kitab, jurnal, məcmuə və qəzetlərin məcburi nüsxələri ilə təchiz edilməli idi. Həmçinin xarici ölkələrdən alınan kitabların ilk növbədə kitabxanalara verilməsi, öz fəaliyyətini dayandırmış məktəblərin, kitab mağazalarının anbarlarında saxlanılan ədəbiyyatın kitabxanalara paylanması, ayrı-ayrı şəxslərin, müəssisə və xeyriyyə cəmiyyətlərinin kitabxanalarının kitabla təchiz olunmasına cəlb edilməsi və s. məsələlər əksini tapmışdı. Bu qanun böyük mədəni əhəmiyyət kəsb edirdi. 
   Hökumət qısa vaxt ərzində məktəb kitabxanalarının bərpa və inkişaf etdirilməsini, onların ilk növbədə dərsliklər, dərs vəsaitləri və digər nəşrlərlə təmin edilməsi istiqamətində səylər göstərir. Həmin vaxt respublikada fəaliyyət göstərən 700-ə qədər məktəbin əksəriyyətində kitabxanalar mövcud olsa da, nəşrlərlə təminat məsələsində ciddi problemlər vardı. Bu problemin aradan qaldırılması üçün 1918-1920-ci illərdə Türkiyədən 20 min nüsxədən artıq dərs vəsaiti və digər kitablar alınıb məktəb kitabxanalarına verilir. Eyni zamanda Rusiya və Avropa ölkələrindən də xeyli miqdarda kitablar alınır. 
   Görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfov “Azərbaycanda kitabxana işinin tarixi” kitabında yazır ki, Cümhuriyyət hökuməti məktəb kitabxanaları ilə yanaşı, o dövrdə xalq qiraətxanaları adlandırılan və bilavasitə yaşlı əhaliyə xidmət edən kitabxanaların fəaliyyətini nəzarətə almaqla onlara hər cür kömək etməyə çalışırdı. Tədqiqatçının fikrincə, bu tip kitabxanaların əksəriyyəti qeyri-dövlət təşkilatlarına, cəmiyyətlərə və ayrı-ayrı şəxslərə mənsub olub. Maarif Nazirliyi kitabxanaları olan bütün təşkilatlara, cəmiyyətlərə və şəxslərə mətbuat vasitəsilə müraciət edərək onlara öz fəaliyyətlərini davam etdirməyin vacibliyini bildirmişdi. Cümhuriyyət hökuməti yeni kitabxanalar təşkil etməklə mövcud kitabxanaların fəaliyyətini davam etdirməsinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə, ilk növbədə kitablarla təmin edilməsinə xüsusi diqqət yetirirdi. 
   1918-ci ilin sonlarında yeni yaradılan kitabxanalardan biri də indiki Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası idi. İlk illərdə kitabxanada bir neçə yüz kitab vardı və onların da əksəriyyəti ərəb-fars dillərində, Orucov qardaşlarının mətbəəsində işıq üzü görən nəşrlər idi. Həmin dövrdə kütləvi oxu vərdişlərinin istənilən səviyyədə olmaması üzündən mövcud olan kitabxanalar oxucu baxımından da korluq çəkirdi... 
   
   İlk dövlət muzeyi
   
   Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət tariximizə bəxş etdiyi töhfələrdən biri də ölkəmizdə ilk dövlət muzeyi - İstiqlal Muzeyinin yaradılmasıdır. Onun təşkilində dövrün tanınmış maarif xadimi, sənətşünas Hüseyn Mirzəcamalovun mühüm xidmətləri olub. Muzey 7 dekabr 1919-cu ildə Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə fəaliyyətə başlayıb. 
   Genişprofilli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulan muzey parlamentin binasında yerləşirdi. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Quran əlyazmaları, ayrı-ayrı dövrlərə aid silahlar, sikkələr, xalq tətbiqi sənət və qədim məişət nümunələri olub. Təhvil-təslim aktı formasında “Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq hələlik parlaman imarətində təsis edilən “Müze İstiqlal” adına müəssislər tərəfindən toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında Şərait” adlı sənəd tərtib edilir. Sənədi muzeyin yaradıcıları - Hüseyn Mirzəcamalov, Məhəmməd Ağayev və Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə imzalayır. Bu, Azərbaycanda muzeyin təşkili və fəaliyyətini tənzimləyən ilk hüquqi sənəddir. Burada muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimatı və fond-satınalma komissiyası haqqında əsasnaməni əvəz edən müddəalar yığcam şəkildə öz əksini tapmışdı. Sənəddə göstərilirdi ki, muzeyə verilən hər bir əşya milli sərvətdir. Gələcəkdə əşya sahiblərinin ailə üzvləri onları geri tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərcləri Parlamentin Rəyasət Heyəti öz öhdəsinə götürür. Bu sənəddən o da bəlli olur ki, gələcəkdə muzey üçün xüsusi binanın ayrılması, yaxud tikilməsi və nəzdində zəngin kitabxananın yaradılması, proqram və nizamnamənin hazırlanması və s. nəzərdə tutulubmuş. 
   İstiqlal Muzeyi beş aya yaxın - Cümhuriyyətin süqutunadək (28 aprel 1920) fəaliyyət göstərib. Bununla belə, o, müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tarixdə qalıb. Sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv olunsa da, bir mədəniyyət ocağı kimi yeni və gələcəkdə yaradılacaq muzeylərin təşkilində təməl rolunu oynayıb. Onu da qeyd edək ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İstiqlal Muzeyi də yenidən fəaliyyətə başlayıb.
   
   Savalan Fərəcov