Martın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında” adlı tamaşa nümayiş etdirilib.
Səhnə əsəri “British Council Azərbaycan” təşkilatı, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gəlib. Tamaşada rolları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, eləcə də fiziki imkanları məhdud tələbələr ifa ediblər.
Tamaşada forum-teatr texnikasından istifadə edilib. Bu tamaşa fiziki imkanları məhdud olan və sağlam insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir. Pyes teatrı sosial dəyişiklik üçün alət kimi istifadə etməyə çalışan DOM teatrının təsisçisi və direktoru Tərlan Rəsulov və daim yeni ideyalar axtarışında olan britaniyalı forum-teatr mütəxəssisi, aktrisa və mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında tamaşaya qoyulub.