Martın 6-da Azərbaycan Texniki Universitetində Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunub.
Tamaşa “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Tamaşanın nümayişindən əvvəl universitetin prorektoru, professor İsa Xəlilov, Dövlət Komissiyasının əməkdaşı Şahin İsmayılov çıxış edərək narkomaniyanın ictimai bəla olduğunu, ali təhsil müəssisələrində belə tədbirlərin keçirilməsinin gənclərin sağlam cəmiyyətə inteqrasiyasında rolunu qeyd ediblər.
Sonra tamaşa nümayiş olunub. Dəhşətli bəlanın fəsadlarından bəhs edən əsərin müəllifi Arzu Soltan, tamaşanın rejissoru İntiqam Soltandır.