İyunun 19-da “Nizami” Kino Mərkəzində MDB və Baltikyanı ölkələrin “Kinoşok" açıq kino festivalının qalib filmlərinin nümayişi başlandı. Nümayiş Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə gerçəkləşir.
Filmlərə baxışdan öncə "Kinoşok" festivalının nümayəndə heyətinin iştirakı ilə mətbuat konfransı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov qonaqları salamlayaraq festival proqramı haqqında məlumat verdi. ”Kinoşok” festivalının mətbuat katibi Vera Musatova 20 il öncə Sovet İttifaqı dağıldıqdan sonra SSRİ məkanında incəsənətin və kino sənətinin keçirdiyi böhranlı vəziyyətdən danışdı. Qeyd olundu ki, həmin dövrdə MDB ölkələrini birləşdirən belə bir festivalın təşkil olunması bütün kino işçiləri üçün stimul oldu.
Festivalın proqram direktoru Sergey Zemlyanuxin, festivalın direktor müavini Anna Makişa, qazaxıstanlı aktrisa Janel Makajanova, Gürcüstanın Xalq artisti İya Ninindze də çıxış edərək festival haqqında danışdılar. Bakıya ilk dəfə gəldiklərini deyən qonaqlar şəhərin gözəlliyini, sakinlərinin qonaqpərvərliyini məmnunluqla qeyd etdilər. Kinorejissor Oqtay Mirqasımov festivala olan rəğbətindən söhbət açdı. Kino işçiləri üçün bu tədbirin əhəmiyyətini vurğuladı.
Sonra qazaxıstanlı kinorejissor Rüstəm Abdraşevin "Dirçəliş adası" (2004) filmi nümayiş olundu. Nümayişdən öncə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Bakıda təşkil edilən kinobaxış proqramına “Kinoşok” festivalının ən uğurlu filmlərinin daxil edildiyini dedi. Daha sonra "Dirçəliş adası" filminin yaradıcı heyətini səhnəyə dəvət etdi. Baş rolun ifaçısı aktrisa Janel Makajanova filmin yeniyetməlik sevgisindən bəhs etdiyini bildirdi.
İyunun 19-da rejissor Yuriy Maminin "Parisə pəncərə" (Rusiya-Fransa, 1993) filmi də nümayiş olundu. Nümayişdən öncə baş rolun ifaçısı Andrey Urqant film haqqında məlumat verdi.
İyunun 20-də “Nizami” Kino Mərkəzində daha iki ekran əsəri - rejissor Yusup Razıkovun "Natiq" (Özbəkistan) və rejissor Şarunas Bartas "Avrasiyalı" (Litva-Rusiya-Fransa) filmləri nümayiş olunacaq.
Reyhan