Qədim Azərbaycan ədəbiyyatı kəhkəşanında “dramaturgiya” adlı yeni janr fəzasının ilk və... aldanmamış kəvakibi 
   
   Əlbəttə, Mirzə Fətəli Axundzadə!
   O, doğrudan da, milli ədəb-irfan kəvakibi (ulduzu) idi.
   Sözümü, bu filosof-ədibin “şinel”indən çıxmışlardan birinin qeydlərilə davam etdirirəm: “1849-cu ildə canişin Vorontsov Tiflisdə erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaqçün 3 komisyon təşkilinə əmr verdi. Erməni, gürcü komisyonları tezliklə işə başladı, Azərbaycan komisyonunda işləməkçünsə M.Fətəlidən başqa bir adam tapılmadı...”
   
   1812 və 1873 
   
   Bu tarixçələrin birincisində ilk dramaturqumuz doğuldu, ikincisində teatrımız. 
   Deməli, Mirzə Fətəli Axundzadə və Azərbaycan Teatrı! Hər il doğum gününü qutlayıb, ölüm gününü (bu gün 140-cısını) andığımız milli Müəllifimiz və hər il yaranış gününü (bu il 145-cisini) bayramlayıb, əbədiyaşarlığına inandığımız milli Teatrımız...
   Deməli, milli taleyimizdə iki böyük Olum! 
   İntişar-intibahca daha ümumgərəkli olan ikinci Olumun səbəbkarı - digər janrlarda çox yazıb-yaratdıqdan, milli-mədəni-maarif yolunda çox atəşlərə yanıb-yaxıldıqdan sonra böyük Səhnə addımı da atdı. O, hələ buna qədər “Kəmalüddövlə məktubları”nın fəlsəfəsilə bizi “şanlı məktub”lar primitivizmindən xilas etmiş, “necə qan ağlamasın daş bu gün, kəsilib yetmiş iki baş bu gün” kimi ümumisterikamızı xeyli soyutmuş, imperiya hərbində “dikiy batalyon” etiketli qılınc-qalxan, top-tüfəng fərasətimizə dəftər-qələm, intellekt-intiligent fəhmi də əlavə etdirmişdi. 
   Bu böyük filosof-ədib öz dövrünə qədərki aləmi yetərincə bilənlərdən, əski Türk düşüncəsindəki “Allah var, bəndə var - araçı yox” inancından, qeyri-müsəlman bir müdrikin “Əgər Allah olmasaydı da, onu uydurmaq lazım idi” deyimindən xəbərdarlardan idi. Ancaq bunu da gözəl bilirdi ki, şagirdin elm-bilik öyrənməsi, şəyirdin sənət-peşəyə yiyələnməsi müəllimsiz, ustadsız mümkün olmadığı kimi, kütlələrin də Tanrıya tapınması araçısız - peyğəmbər və imamlarsız hasilə gələn iş deyil. Bəs nədən bu böyük biləndər dövri olaraq “bütün dinləri puç və əfsanə hesab edirəm” iddiasından əl götürmədi? Yəqin ki, bildiklərilə gördükləri arasındakı yer-göy fərqlərə görə... 
   Belə olmasaydı (yəni, onun dinsizliyi ilk baxışda göründüyü “format”da olsaydı), bütün Qafqazın əxlaqlı, səviyyəli, milli məfkurəli şeyxləri, axundları, müftiləri onu o qədər yaxın ünsiyyətə buraxardılarmı? Büsbütün islam-din mahiyyətli İranda Mirzə Mülküm-Mirzə Yusif xanlar onunla bu qədər sıcaq münasibətlərdən çəkinməzdilərmi? Hələ onun, bütün xalqımızın milli-mənəvi övladı kimi doğulmaqda olan “Əkinçi”nin (H.Zərdabi başda olmaqla) dünyaya gəlimində Şeyxülislam və Müftinin dəstəyinə nail olması!
   Hər il, hər mövsüm teatrların, mətbuatın müraciət etdiyi, hər dövr hökumətin, dövlətin yubileylərini qutladığı -
    
   Bu böyük sənətkar -
   
bütün əsərləri, canı-qanı, çaba-çalışmalarıyla mədəniyyət tariximizə milli qeyrət və təəssübkeşlik mücəssəməsi kimi daxil olub. Bütün şüurlu ömrünü xalqının maariflənməsinə, ictimai-siyasi oyanışına, dünyanın qabaqcıl mədəniyyət şəbəkəsinə qoşulmasına sərf edib. 
   Yaradıcılığının ilkin dövründə mövcud ictimai-siyasi mənzərəni “nəzmi-maarifçi” kimi tənqid edən, “ədalətli hökmdar” obrazı yaratmaq kimi vaxtı keçmiş “ədəbi mübarizə” çabasında bulunan bu ədib mütərəqqi Avropa maarifçiliyilə tanışlıqdan sonra əsl milli-demokrat səviyyəsinə yüksəldi. Öncə, “özünüsınaq” kimi qələmə aldığı şeirləri (“Səbuhi” təxəllüsülə), dövrün ictimai düşüncəsini silkələyən publisistik məqalələri, Azərbaycan ədəbiyyatında povest janrının əsasını qoyduğu “Aldanmış kəvakib” (1857) və bir qədər sonra ictimai-fəlsəfi fikir cameəsini təlatümə gətirən “Kəmalüddövlə məktubları” ilə bahəm, əkin-biçin, mal-davar vərdişlərinə məhkum edilməklə inkişaf yolları kəsilmiş xalqının ictimai şüurunu oyadası - səhnə, teatr, dramaturgiya hədəfli ədəbi fəaliyyətə başladı. Cəmisi beş ildə (1850-1855) bir-birindən sanballı altı komediya yazdı. 
   Lakin, çox təəssüf (bu “təəssüf” həmin əsərlərin indikilərdən çox fərqli olaraq “kef”dən yaranmadığına da bir işarət) ki, o özü bu komediyaların heç birinə səhnə həyatı verə, salonlarda “avtor!”, foyelərdə “avtoqraf” ləzzəti ala bilmədi. Necə ki (girişdə qısaca verdiyim parçanı təkrar etməli olsam da), sonralar Ə.Haqverdiyev “Mirzə Fətəlinin faciəsi” məqaləsində yazacaqdı: “1849-cu ildə canişin Vorontsovun əmrilə Tiflisdə teatr binası tikildi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaqçün canişin 3 komisyon təşkilinə əmr verdi. Erməni, gürcü komisyonları tezliklə işə başladı, Azərbaycan komisyonunda işləməkçünsə M.Fətəlidən başqa bir adam tapılmadı. Bu da bir faciə...”
   Böyük xələfin bu sonuncu (“faciə”) ifadəsi ulu sələfin yaradıcılığındakı bir kəsiri də xatırlatdı mənə. Belə ki, bu universallığa malik bir ədib faciə janrına müraciət etməyib. Passiv seyrçili həyat səhnələrindəki cəmiyyət faciələrinin səbəb və nəticələrini aktiv tamaşaçılı (müsbətə-mənfiyə kütləvi alqış, uğultu, qəzəb və s. hiss-həyəcan mühakiməli) teatr səhnələrində məhək-məhşər ayağına çəkən janra! Bu qənaətə qüvvətçün “bir gözü ilə gülüb, bir gözü ilə ağlamaq” kimi ədəbi postulatları, teatrı yaratmış (və komediya-faciə nisbətində ikinciyə daha çox yer vermiş) qədim yunanların tragediya müəlliflərini “müdriklər dahiləri” adlandırdıqlarını da xatırlayaq.
   Hərəsində bir neçə gülgü-baməzəlik epizodu olan altı komediyasını istisna etməklə, qələmindən sir-sifətinədək milli ələm saçmış, axirətindən nigaran olmasa da, “dinsizliyi” səbəbindən ölümöncəsi düşəcəyi vəziyyəti (“- Mirzə, Siz nə sayaq dəfn olunmaq istərdiniz? - Ölülərin əziyyətlərindən dirilərin nə sayaq xilas olmalarının mənimçün elə bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edə bilərsiniz...”) göz önünə gətirən, “Dünya heç zaman dinsiz və zındıq adamlardan xali olmamışdır” - deyən bu “dinsiz” filosof-ədibi ən çox yandırıb-yaxan nə imiş? Məhərrəmlik mərasimində ağlaşma-başyarma “tamaşa”ları! Təpədən-dırnağa insaf-mürüvvətli, bütün mahiyyətilə Allah Adamı olan bu bəndənin, hətta bəzi qeyri-islami qəlbləri belə riqqətə gətirən Kərbəla faciəsinə yanaşması “öz yerində”, amma, axı, bu adam öz “ağlar soydaşlar”ını öz ruzigarlarına ağlamağa çağırırdı! Onlara, bütün mizan-düzənilə təşkil-təbdil etdikləri təziyə məclisləri əvəzinə, mədəniyyətsizlik faciələrini önləyəsi teatr tamaşaları düzənləməyi tövsiyə edirdi. “Axır sən də bir hərəkət elə, bir proqresə ayaq qoy, bir sivilizasiyona talib ol” - deyirdi. “Nə vaxtadək qəflət yuxusunda yatacaqsan?!” - hayqırırdı. “Əgər biz istəyirik ki, bir günə əməllərlə İmam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, onda gərək onun təziyədarlığından əl çəkib, bu şəbihlərə sərf olunan pullar ilə hər şəhərdə ...məktəbxanalar açaq və hər məktəbxananın qapısında yazıb yapışdıraq ki, İmam Hüseyn Əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur”.
   Ancaq, hər halda, ifrat acılıqlar da edirdi bu mütəfəkkir. Bu isə, daha çox, milli dərd-ələmin çoxluğundan qaynaqlanırdı. Hətta, “Bəhərsurət türklər arasında dəxi bu zamana qədər mütəqədimdən şair olmayıbdır” - deyə, min beş yüz ildən çox dünya dövranını rövnəqləndirmiş türk şeirinə “asi” çıxır, “gül-bülbül” yarlığıyla yanaşdığı öz böyük lirika “papalel”inə (“dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun” demiş) ulu Füzuli həqiqətini “təftiş” edir, “laləyanaq”lar aşiqi M.P.Vaqifi ondan üstün tuturdu... 
   Sonra da deyirdi ki; “Yanlış fikirlərin qarşısını almağın yeganə yolu məntiqə uyğun dəlillərdir”... 
   Yuxarıdakı fikrini istisna ilə, düz deyirdi. Məsələn, məqalələrində yanlışlığın geniş yayılmasının səbəbini maarifsiz insanların avamlığında “yaxşını pisdən ayırmaq qabiliyyətinin zəif olmasında” görürdü Axundzadə. Özünəqədərki ədəbi-ictimai tezislərdən olan “yaxşı insan, pis insan” məsələsi qarşısına “kamil insan, nadan insan” mətləbini qoyurdu. Bu mətləbləri Azərbaycan realizminin ən kamil nümunələrindən olan, sonralar “Azərbaycan maarifçiliyinin manifesti” adlandırılan, “bir vaxtlar Radişşevin “Peterburqdan Moskvaya səyahət”i Rusiyada necə tufan qoparmışdısa, bu əsər də yüksək ruhani dairələrində eyni həyəcanı doğurmuşdu” fikrilə qiymətləndirilən “Kəmalüddövlə məktubları” əsərində də davam etdirən müəllif yaşadığı “qəddar və qədirsiz dövr” üçün cəsarət nümunəviliyi də etmiş oldu. 
   
   Məslək cəfakeşi 
   
   O bu dəyəri elə-belədən qazanmayıb. Büsbütün yenilikçi, bütün həyat-yaradıcılıq çabaları ilə geriliyə qarşı çıxıb, irəliyə qoşmaq, millətçün gərəkli nəsnələri yazmaq, xalqının mövhumatdan uzaqlaşıb yeni ruhda tərbiyələndirilməsi yolundakı mübarizəsilə nail olub bu ada. Bu filosof-ədib çox gözəl bilirdi ki, bunlarsız aparıcı xalqlar sırasına daxil olmaq, qabaqcıl dünya mədəniyyəti şəbəkəsinə qoşulmaq mümkün deyildir. Bu “kiçik” ölkə mənsubunun dramaturgiya, səhnə sənəti haqdakı fikirləri ərazi-əhalicə böyük ölkələrdə də (İran, Türkiyə və s.) göyərdi, dram janrlı əsərlər yaranmağa başladı. Tək elə Azərbaycan yox, Yaxın Şərq dramaturgiyasının da banisi olmuş bu ədib iranlı dostu Mirzə Mülküm xana yazırdı: “Pis iş görməyə adət etmiş insanın təbiətinə kritika üsuli ilə yox, atacasına və mehribancasına yazılmış movizə və nəsihət heç vaxt təsir etməz. Həmişə nəsihət və movizə oxumaqdan iyrənən insan təbiəti kritika oxumağa hərisdir. Ümid edirəm ki, öz əsərlərinizi göstərdiyim əsaslara uyğun tamamlayacaq və bu yolla millətə bir xidmət etməli olacaqsız. Bu yolla yeniyetmələrə, istedadlı gənclərə öyrədəcəksiniz ki, gələcəkdə bu fənnin millətimiz arasında şöhrəti ucalsın”.
   
   ...Və 
   
vaxtilə universitet (ADU-BDU) auditoriyasında bir müəllimimizdən eşitdiklərimdən: “Həyatda elə qanunsuzluq, cinayət, qüsurlar var ki, onların islahı hüquq-mühafizə orqanlarılıq deyil. Məsələn, öz xəsisliyilə arvad-uşağına, qohum-əqrəbasına olmazın əziyyətlər verən Hacı Qaranı ancaq və ancaq öz istedad və sənətkarlıq “maddə”silə Mirzə Fətəli Axundzadələr islah edə bilər...” 
   
   Tahir Abbaslı