və ya ikinci vətəninə dünya şöhrəti gətirən Petipa 
   
    Əsrlərin ziyası 
   
   "Qoy Tanrı bütün qəlbimlə sevdiyim ikinci vətənimi qorusun". Bu səmimi və ürəkləri riqqətə gətirən minnətdarlıq dolu duanın müəllifi rus baletinə dünya şöhrəti qazandırmış dahi Marius Petipadır. Martın 11-də Marius Petipanın (1818-1910) anadan olmasının 200 ili tamam olur. Hələ 2015-ci ildə Rusiya Federasiyası Prezidentinin imzaladığı sərəncamla bu günlər böyük fransızın yubileyi bütün ölkədə təntənə ilə qeyd edilir. 
   Bəs müasir Rusiya baletinin, bununla da keçmiş imperiya ərazisində balet teatrı və fərqli quruluş sisteminin təməlini qoymuş Marius Petipa kim idi? 
   Rusiya balet sənəti tarixində bütöv bir mərhələyə ("Petipa dövrü") adını vermiş Marius Petipa Fransada dünyaya gəlib və böyüyüb. Atası Jan-Antuan Petipa baletmeyster, anası aktrisa, böyük qardaşı rəqqas olsa da, Marius uşaq yaşlarında rəqs sənətinə maraq göstərməyib.
   Üstəlik, 1830-cu ildə İkinci Fransa inqilabı başlayandan sonra balet digər incəsənət sahələri kimi gözdən düşmüşdü, balet teatrları işləmirdi. Lakin inqilabi ruh bir neçə ildən sonra səngidikdə ailə başçısı öz teatrını yaradır və teatrın ilk solistləri öz ailə üzvləri olur. 19 yaşlı Marius ilk dəfə rəqqas kimi səhnəyə çıxır və özünün ilk balet tamaşalarına - "Senyorun ixtiyarı", "Balaca qaraçı qızı" və "Nantda toy" səhnə əsərlərinə quruluş verir. 
   Qısa müddət ərzində Marius atası ilə Nyu-Yorka qastrola gedir, Bordo, Madrid və Sankt-Peterburq teatrlarında çıxış edir. Sankt-Peterburqdan gələn iş dəvətini məmnuniyyətlə qəbul edir. Sonralar bu barədə yazacaqdı ki, Rusiyanı baletin düzgün istiqamətdə inkişaf etdiyi yeganə ölkə hesab etdiyi üçün seçmişdi.
   Bu elə bir dövr idi ki, Avropa baleti cəsur eksperimentlərin təsirinə məruz qalır, baletmeysterlər xoreoqrafiyaya ağlasığmaz hərəkətlər gətirir, rəqqaslar isə rəqsi akrobatik tryuka çevirirdilər. Rus baleti isə əvvəlkitək qamət, plastika və gözəlliyi önə çəkirdi. Petipa buna görə də inanırdı ki, özünü rus baletində tam ifadə edə biləcək. 
   O, yeni truppada xoş münasibətlə qarşılandı. Amma özü də bilirdi ki, dahi rəqqas deyil, sadəcə, davamlı məşqlər və daim təkmilləşmək istəyi sayəsində klassik partiyaları gözəl ifa edir. Bununla belə, şahidlərin yazdığına görə, xarakterik obrazların ifasında heç kəs ona çata bilməzdi - onun aktyorluq qabiliyyəti həmkarlarını belə heyran edirmiş. 
   Marius Petipa Rusiyada baletmeyster kimi çalışmağa başladıqdan sonra dünya şöhrəti qazandı. O, Sankt-Peterburq Böyük Teatrında (o zaman şəhərin ən iri teatrlarından idi, indi həmin binada konservatoriya yerləşir) ilk tamaşasını - ikipərdəli "Paxita"nı hazırlayır və özü də tamaşada çıxış edir. 
   İmperator I Nikolay premyeraya baxarkən tamaşanı və Petipanın artistizmini o qədər bəyənir ki, bir neçə gün sonra əlahəzrətin adından baletmeysterə qiymətli üzük hədiyyə edilir. Petipa 1870-ci ildən dünyanın ən yaxşı balet teatrlarından sayılan Mariinsk teatrında çalışmağa başlayır, 1903-cü ildə isə onu Peterburq teatrlarının baş baletmeysteri təyin edirlər. 
   92 il ömür sürmüş Marius Petipa Rusiyada çalışdığı yarım əsrdən çox müddətdə təxminən 70 baletə quruluş verir, bu tamaşaların çoxu orijinal və ilk quruluş kimi tarixə düşür. Onun tamaşaları görünməmiş uğur qazanır və əksəriyyəti onilliklər boyu teatrların repertuarından düşmür. Baletmeyster bu populyarlığı tamaşa quruluşuna münasibəti ilə izah edirdi. O belə hesab edirdi ki, tamaşaçı hər quruluşu "möhtəşəm göstəri" kimi qavramalıdır. 
   Petipa məhz artistizmə və emosiyaların izharına meylini ənənəvi rus baletinə səmimi məhəbbəti ilə tamamlayaraq öz quruluşlarında virtuoz ifa, obrazlılıq və aktyor oyununu birləşdirə bilmişdi. O, memuarlarında həmişə Rusiyanı ikinci vətəni adlandırırdı. Rus baleti isə məhz onun sayəsində dünyada ən yaxşı balet adlanmağa başladı. 
   "Petipa əsri" - parlaq tamaşalar və sənət eksperimentləri dövrü təkcə rus balet tarixində deyil, dünya baletində ən mühüm dövrlərdən biri olaraq qalacaq. 
   
   Gülcahan Mirməmməd
   
   P.S. Marius doğulandan Petipa soyadını daşıyır. Bu, fransız dilində iki kəlmənin - "petit" (kiçik) və "pas" (addım) sözlərinin deyilişini xatırladır. Soyad onların nəsil adı imiş, ya baletmeyster atasının seçimi olub, - bunu bilmirik. Amma balet, həqiqətən, kiçik addımlardan başlanır.