Tofiq İsmayılov: “Əsl sənətkar sənəti sevməli və xalqına düzgün xidmət etməlidir”
   
   Sənət istedadla yaranır. Lakin bu istedad dərin savada söykəndikdə davamlı bəhrəsini verə bilir, o zaman söhbət əsl sənətkardan gedir. Xalq artisti, professor, bir neçə bədii və bir çox sənədli filmlərin rejissoru Tofiq İsmayılov da belə sənətkarlardandır.
   
   O, İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq və rejissorluq ixtisasları üzrə təhsil aldıqdan sonra Respublika Teleradio Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961) və rejissor (1962-1967), "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi kimi çalışıb. Sonra ixtisasını artırmaq məqsədilə Moskvaya gedir, orada kinorejissor və ssenaristlik üzrə ikiillik kurslarda (1968-1969) təhsil alır. Bakıya qayıdaraq “Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışır.
   1971-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında dərs deyir, 1988-1994-cü illərdə kafedranın müdiri olur. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor kimi fəaliyyət göstərir. İstanbul Böyükşəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir işləyir. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
   100-ə yaxın elmi-publisistik məqalənin, “Qonşular”, “Sevinc yuxusu”, “Şəkil teatrı”, “Diş ağrısı”, “Türk cümhuriyyətlərinin kino tarixi” (türkcə, üç cilddə), “Türk dünyası kino sənəti”, “Kinoya gedən pişik” (hekayə və pyeslər) və s. kitabların müəllifidir. “Şəhərimizin daşları”, “İntizar”, “Gilas ağacı”, “Bizim küçənin oğlanları”, “Mən mahnı qoşuram”, “Əzablı yollar” və s. filmlərin rejissorudur.
   Tofiq İsmayılov bu yaxınlarda yeni filmin çəkilişlərinə başlayıb. Ona söhbətimizdə ilk sualımız da bu barədə oldu:
   
   - Hansı film üzərində işləyirsiniz?
   - Hələ 40 il əvvəl dahi sənətkar Müslüm Maqomayev haqqında film çəkmişdim. “Oxuyur Müslüm Maqomayev” filmi tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılandı, böyük ekran həyatı yaşadı. Müslüm Maqomayev dünya şöhrətli musiqiçi, estrada müğənnisi, opera ariyalarının mahir ifaçısı olmaqla yanaşı, həm də gözəl aktyorluq, rəssamlıq qabiliyyəti olan çoxşaxəli sənətkar idi. Həmin filmə çəkiləndə öz rolundan başqa, ayrı-ayrı operalardan, səhnə əsərlərindən 11 müxtəlif rolu da məharətlə ifa etdi. Film Azərbaycan kinosuna da uğur gətirən ekran əsərlərindən oldu. Filmin ekranlara çıxmasından 10 il sonra Müslümə həsr olunmuş daha bir film çəkmək istədim, alınmadı, 20 il sonra isə artıq ssenari də hazır idi, maliyyə məsələsi də həll olunmuşdu, lakin bu dəfə Müslüm Maqomayevin səhhətində yaranan problemlərə görə filmin çəkilişi baş tutmadı. Bu gün həmin filmin ekranlara çıxmasından 40 il ötüb və dahi müğənni haqqında növbəti tammetrajlı sənədli filmin üzərində işləyirəm.
   - Yeni ekran əsərində Müslüm Maqomayevin həyat və yaradıcılığının hansı cəhətlərinə xüsusi diqqət verəcəksiniz?
   - Film üç novelladan ibarət olacaq. Bu novellalarda sənətkar üç tərəfdən xarakterizə olunacaq. Birinci novellada həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayanın gözü ilə Müslüm Maqomayevin xüsusiyyətləri təqdim ediləcək. 35 il birgə yaşayan və hər ikisi böyük sənətkar olan bu insanların birgə həyatı necə olub, həyatlarında nələr baş verib, onların sənətə münasibəti, dostluqları, məhəbbəti hansı formada olub? - bu məsələlər önə çəkiləcək. İkinci novellada sənətkarın yaxın dostu Araz Ağalarovun dilindən Müslüm Maqomayev bir dost kimi təqdim ediləcək. Üçüncü novellada isə Müslüm Maqomayev müəllim kimi xarakterizə olunacaq. Əslində o, müəllim kimi fəaliyyət göstərməyib, amma gənc müğənni Emin Ağalarov onu öz müəllimi hesab edir. Üçüncü novellada onun xatirələrilə dahi sənətkarın xüsusiyyətləri açılacaq.
   - Çəkilişlər nə yerdədir?
   - Tamara Sinyavskaya Bakıya gələndə burada bizə lazım olan səhnələri çəkmişik. Bildiyiniz kimi, onlar Bakıda tanış olublar və məhəbbətləri bu şəhərdə başlayıb. Bakı ilə bağlı bəzi səhnələr çəkilib. Təbii ki, Moskvada da çəkilişlər olacaq. Hazırda bununla bağlı məkanları seçirik. Oktyabrın əvvəlində Moskvada çəkilişlər planlaşdırılır. Onu da deyim ki, filmdə bədiiliyə yol verilməyəcək. Sırf sənədli-musiqili film olacaq.
   - "Sənətkarlığımızın portreti" silsiləsindən Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında bədii-sənədli filmlərin müəllifisiniz. Bu siyahıya daha kimlər əlavə olunacaq?
   - “Sənətkarlığımızın portreti” silsiləsi “Oxuyur Müslüm Maqomayev” filmindən sonra başladı. Mənim əsas məqsədim sənətkarları yaddaşlarda yaşatmaqdır. Bu janrda film çəkmək də çətindir. Təbii ki, siyahını davam etdirmək istərdim. Bəstəkar Fərəc Qarayev, opera müğənniləri Fidan və Xuraman Qasımova bacıları, Azər Zeynalov haqqında film çəkmək niyyətindəyəm. Allah ömür versə, siyahını zənginləşdirəcəyəm.
   - Yazıçılıqla necə, yenə məşğul olursunuzmu?
   - Bu, mənim ən sevimli hobbimdir. Yazılarımda çox rahatam. Hekayə və pyeslər kitabım var. Arada yazıram.
   - Pedaqoji fəaliyyətinizdən danışaq. Tələbələr gələcəyə ümid verirmi?
   - Gələcəyə ümid həmişə var. Bütün tələbələr istedadlı olmasa da, aralarında kifayət qədər uğur qazananlar var. Sadəcə, onlara düzgün istiqamət verilməlidir.
   - Xeyli müddət Türkiyədə çalışmısınız. Türkiyə və Azərbaycanın yaradıcı mühitləri arasında fərqlər nədən ibarətdir?
   - Türkiyədəki tələbələrlə bizim tələbələr arasındakı fərqdən xüsusən danışmaq istərdim. Türkiyədə incəsənət sahəsinə ən yüksək bal toplayan tələbələr sənəd verir. İncəsənət tələbənin şəxsi seçiminə əsaslanır. Bizdə isə sənətə bir qədər laqeyd münasibət var. Bu işdə valideynlər bizə kömək olmalıdırlar. Bu sahəyə təsadüfi adamlar gərək deyil. Əsl sənətkar sənəti sevməli və xalqına düzgün xidmət etməlidir. Bu zaman incəsənətimiz də düzgün inkişaf edəcək.
   - Sənətin inkişafı üçün ilk növbədə nə önəmlidir?
   - Bu sahədə savad önəmlidir. Sənətə yaxşı bələd olmaq lazımdır. Təbii ki, istedad öz yerində. Digər məsələ isə ixtisaslaşmadır. Kino rejissoru kino, teatr rejissoru teatrla məşğul olmalıdır. İxtisaslaşma əsasdır və işə qəbul da bunun əsasında aparılmalıdır. İngilis dili müəllimi rus dilindən dərs deyə bilərmi? Sənət də bu prinsip əsasında qurulmalıdır.
   - Sənət fəaliyyətinə televiziyadan başlamısınız. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
   - Təəssüf ki, bu gün telekanallarda dedi-qoduçuluq daha çox təbliğ olunur. Əvvəllər kitabdan danışılırdı, hər hansı yeni kitab, əsər və ya film müzakirə edilirdi. İndi isə kimin kiminlə ailə qurması, boşanması gündəmə gəlib. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Əsl sənət naminə çalışmaq və təbliğat aparmaq önəmlidir.
   - Rejissor kimi arzularınızı eşitmək istərdik...
   - Təbii ki, arzular var. Yuxarıda dediyim kimi, Allah ömür versə, "Sənətkarlığımızın portreti" silsiləsindən filmlərin çəkilişini davam etdirmək istərdim. Həmçinin Müslüm Maqomayev haqqında tammetrajlı bədii film də çəkmək istərdim. Sənətkar istəyi bitib-tükənməzdir. Yaşamağa nə qədər zamanımız olsa, istəklərimiz də bir o qədər çox olacaq.       

  Söhbətləşdi: Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar