ANS müstəqil yayım və media şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və “Bakıfilm” kinostudiyasının birgə istehsalı olan “Xoca” bədii filmi dünyanın dörd nüfuzlu kinofestivalına təqdim olunub. “Bakıfilm” kinostudiyasından bildiriblər ki, bunlar Lokarno, London, Venesiya və Tokio beynəlxalq kinofestivallarıdır.
   Filmin qısa məzmunu ilə tanışlıqdan sonra sözügedən festivalların seçim komitələri “Xoca” filminin təqdim edilməsinə dair razılıq məktubları ünvanlayıblar. Filmin seçim turunda iştirakı barədə rəy yaxın bir ay ərzində açıqlanacaq.
   Xocalı qətliamının 20-ci ildönümünə həsr olunan, faciəni bütün miqyası ilə özündə əks etdirən 108 dəqiqəlik bu bədii filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir.