Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi martın 17-də “Vavuna” ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşa teatrın əməkdaşı Vüsal Rzasoyun əsəri əsasında səhnələşdirilib. Əməkdar artist Nargilə Qəribovanın quruluş verdiyi tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir. Səhnə əsərində Vüsal Rzasoy və Nargilə Qəribova çıxış edəcək.
Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev tamaşanın məğzini belə izah edir: “Vavuna insanın məkansızlıq və zamansızlıq içində yaratdığı və yaşadığı bir məkan, kiçik dünyadır. Bu dünyada insanın fikir və düşüncələri yox, yalnız ruhu, qəlbi və hərəkətləri var olur. O, kainatda baş verən səsləri, işıq və hərəkətləri duyur. Vavunadakı insanların sevgisi də kainatın və həyatın sevgi zərurətindən yaranıb”.