7-14 mart tarixində keçirilən V Beynəlxalq Muğam Festivalı çərçivəsində konsert proqramları ilə yanaşı, muğamla zəngin Azərbaycan opera sənətinin nümunələri də təqdim olunub. Martın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında festival proqramının son tamaşası - Müslüm Maqomayevin “Şah İsmayıl” operası təqdim olunub.
Qeyd edək ki, “Şah İsmayıl” operası ilk dəfə səhnəyə 1919-cu ildə qoyulub. Tarixi-əfsanəvi mövzuda yazılmış operanın libretto müəllifi Mirzə Qədir İsmayılzadədir. Müxtəlif illərdə əsas rollarda opera səhnəmizin istedadlı sənətkarları - Hüseynqulu Sarabski, Əlövsət Sadıqov, Baba Mahmudoğlu, Səfa Qəhrəmanov, Arif Babayev, Canəli Əkbərov (Şah İsmayıl), Firəngiz Əhmədova, Xuraman Qasımova, Zemfira İsmayılova (Gülzar), Həqiqət Rzayeva, Gülxar Həsənova, Rübabə Muradova, Sahibə Abbasova (Ərəbzəngi), Ağababa Bünyadzadə, Şahlar Quliyev (Aslan şah) və başqaları çıxış ediblər. Hazırda Şah İsmayıl rolunu istedadlı muğam ifaçısı, Əməkdar artist Təyyar Bayramov ifa edir.