Martın 13-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xəzər dənizində ilk sualtı arxeoloji ekspedisiyanın 50 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı yarım əsr əvvəl Xəzər akvatoriyasında genişmiqyaslı sualtı arxeoloji axtarışlar aparmış ekspedisiyanın fəaliyyəti, ekspedisiyanın rəhbəri Viktor Kvaçidzenin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 1968-ci ildə muzeyin elmi əməkdaşı, arxeoloq V.Kvaçidzenin rəhbərliyi ilə Xəzər dənizində sualtı ekspedisiya təşkil olunub. Muzeydə ekspedisiyaya həsr olunan xüsusi guşə təşkil edilib və orada su altından tapılmış arxeoloji materiallar yer alıb.
Muzeyin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Xəzər akvatoriyasında sualtı arxeoloji tədqiqatlar və Viktor Kvaçidze” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, sualtı tədqiqatlara hazırlıq məqsədilə V.Kvaçidze və ekspedisiyanın üzvü G.Ağayev DOSAAF-ın sualtı üzgüçülük klubunda, Moskva və Sankt-Peterburq şəhərlərində xüsusi təcrübə keçiblər.
V.Kvaçidzenin rəhbərlik etdiyi tədqiqat qrupu 1968-1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin (quru relyef formasının qalığı), eləcə də Bulla, Oblivnoy, Səngi-Muğan, Böyükdaş və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin, Abşeronun Amburan burnunun (köhnə Bilgəh), Gürgan və s. sualtı abidələrin tədqiqi üçün arxeoloji ekspedisiyalar təşkil edib.
Çıxış edənlər müasir dövrdə bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.