Azərbaycanın Pakistandakı hərbi attaşe aparatı İslamabad şəhərindəki “Serena” hotelində Novruz şənliyi təşkil edib.
Tədbirdə Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin, bu ölkədə akkreditə olunmuş hərbi attaşelərin xanımları, ictimai işdə fəal olan qadınlar, eləcə də Pakistanda yaşayan azərbaycanlı xanımlar iştirak ediblər. Qonaqlara Azərbaycanın milli qadın geyimləri nümayiş etdirilib, Novruz bayramının adət-ənənələrindən söhbət açılıb.
İştirakçılar Azərbaycanın milli mətbəxinə aid yeməklərə qonaq edilib, onların hazırlanması qaydaları haqqında məlumat verilib.
Xanım qonaqlar Novruz ənənələrinə uyğun boyanmış yumurta döyüşdürüb, qaliblərə Azərbaycanın milli suvenirləri təqdim edilib. Xanımlar milli rəqslərimizi ifa edib, yallı gediblər.
Tədbirin keçirildiyi salonda Azərbaycanın turizm potensialını özündə əks etdirən video-çarxlar nümayiş olunub və milli musiqimiz səslənib.