Martın 17-də Səməd Vurğunun ev-muzeyində böyük şairin ömür-gün yoldaşı, Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın (1918-2006) 100 illiyi qeyd edilib.
Muzeyin direktoru Nüşabə Vəkilova Xavər xanımın ömür yolundan söhbət açıb. Bildirilib ki, Xavər Əhmədbəy qızı 1918-ci il martın 13-də Dərbənd şəhərinin məşhur şəxsiyyətlərindən olan Nağıbəy Mirzəbəyli sülaləsinə məxsus ailədə dünyaya göz açıb, mükəmməl təhsil alıb, Bakı Dövlət Universitetini bitirib.
“Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xavər Vəkilovanın ailəsinə, övladlarına, ömür-gün yoldaşının irsinə münasibətindən bəhs edib. Vurğulanıb ki, Səməd Vurğunun yubileylərinin yüksək səviyyədə keçirilməsinə fəal təşkilatçı kimi kömək göstərən X.Vəkilova həm də 1975-ci ildən ömrünün sonunadək şairin ev-muzeyinin direktoru kimi fəaliyyət göstərib.
Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, Xavər xanımın ailə qohumu, A.Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə və başqaları ürək sözlərini söyləyib, xatirələrini bölüşüblər.
Mərasimdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəylinin fortepianoda ifası dinlənilib. Muzeyin əməkdaşlarının və “AYTAM” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyi üzvlərinin ifasında S.Vurğunun həyat yoldaşına həsr etdiyi şeirlər səsləndirilib.