İstənilən sənət sahəsinin inkişafında gənclərin yeri xüsusi əhəmiyyət kəsb edir. Çünki bugünkü gənc sabahın peşəkarıdır, aparıcı qüvvəsidir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2006-cı ildən keçirilən “Bu meydan, bu ekran” müsabiqəsi kino sənətinə yeni adların, istedadlı gənclərin gəlməsinə imkanlar açır.
   
   2011-ci ildə müsabiqənin qalibi olmuş rejissor Emin Əfəndiyev də belə gənclərdəndir.
   Son illər Qarabağ mövzusundan, ölkəmizin məruz qaldığı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən müxtəlif filmlər çəkilib. Emin Əfəndiyevin eyniadlı ssenarisi əsasında “Butafilm” studiyasında lentə aldığı “Yuva” qısametrajlı bədii filmi isə mövzuya fərqli yanaşması ilə seçilir. Film müharibədən sonrakı illərdə bir ailənin dramını təsvir edir. Müharibədə əsir düşən və 15 il sonra əsirlikdən evinə dönən kişi həyat yoldaşının başqası ilə ailə qurduğunu, lakin xoşbəxt olmadığını görür. Yeniyetmə qızı da doğma atasını tanımır. Süjet xətti əsərin üç əsas qəhrəmanı - qadın, onun birinci əri və indiki həyat yoldaşı arasında cərəyan edir. Onların heç biri ayrılıqda vəziyyəti dəyişmək gücündə deyillər. Qadının ikinci əri ailəsini dağıtmaq istəmir. Birinci əri isə yuvasına dönmək, ailəsinə, övladına qovuşmaq istəyir. Nəticədə, iki kişi yuvaya kimin sahib olmasını ayırd etmək üçün meşəyə - duelə yollanırlar.
   “Qadın - ana - vətən” ideyası ekran əsərinin aparıcı xəttini təşkil edir. Vətən uğrunda mübarizə isə filmin iki kişi qəhrəmanının qarşıdurmasında təzahür edir. Filmdə qəhrəmanların psixoloji durumları önə çəkilir. Uğurlu aktyor ansamblı incə məqamları peşəkarlıqla ifa edir.
   Emin Əfəndiyev filmin ssenarisini Qarabağ müharibəsinin ab-havasını yaşadığı hərbi xidmətdən qayıdandan sonra yazıb: “Önəmli olan odur ki, qələmə aldığın mövzu səni narahat etsin. Mən də hərbi xidmətdən yeni qayıtmışdım və bu mövzu mənə daha yaxın idi. Ssenaridə müharibənin törətdiyi fəsadları, əzilmiş, taleyini müharibə həll etmiş insanların həyat dramını göstərməyə çalışmışam”.
   
   Müharibəni müharibəsiz
   göstərmək
   
   Filmin çəkilişləri 2011-ci ilin noyabrında Qubanın Qımılqumlaq kəndində aparılıb. Ekran əsərinin icraçı prodüseri Əli İsa Cabbarov, operatoru Adil Abbas, quruluşçu rəssamı Çingiz Rəsulzadə, baş prodüseri İlqar Nəcəf, kreativ prodüseri Asif Rüstəmov, bəstəkarı Firudin Allahverdi, səs rejissoru Pərviz Ramizoğludur.
   İcraçı prodüser Əli İsa Cabbarov dünya kinosunda müharibə mövzusundan bəhs edən ekran nümunələrində müxtəlif aspektlərin önə çəkildiyini dedi: “Müharibə filmləri haqqında belə bir konsepsiya var: müharibəni müharibəsiz göstərmək. 60-cı illərdə Sovet İttifaqında belə psixoloji filmlər çəkilirdi. Qarabağ faciəsini top-tüfəngsiz, qorxulu döyüş səhnələri ilə deyil, bir ailənin və ya bir insanın dramı kimi göstərmək də bu konsepsiyanı əks etdirir. Filmdə ikinci nöqteyi-nəzər odur ki, müəllif heç kimi ittiham etmir. “Yuva”da hər qəhrəmanın öz faciəsi var”.
   
   “Butafilm”in yaradıcı qrupu peşəkarlıq nümayiş etdirdi
   
   Emin Əfəndiyev “Butafilm” studiyasının peşəkar qrupu ilə işləməkdən məmnun qalıb: “Filmin uğurunun böyük qismi aktyorlardan asılıdır. “Butafilm” studiyası tərəfindən uğurlu aktyor seçimi həyata keçirildi. Çəkiliş üçün hər cür şərait yaradıldı”.
   Filmdə Abbas Qəhrəmanov, Namiq Ağayev, Münəvvər Əliyeva, Şəbnəm Nəsirova, Əlibəndə Nuruzadə rol alıblar.
   Ə.Cabbarov rejissor E.Əfəndiyevin peşəkar yaradıcı heyəti ətrafında birləşdirə bildiyini dedi. Onun qənaətinə görə, filmin musiqisi də uğurlu alınıb: “Gənc bəstəkar Firudin Allahverdi filmə maraqlı musiqi yazıb. Film boyu müxtəlif səhnələrdə bir və ya iki musiqi alətinin səsini eşidirik. Final səhnəsində iki rəqib kişi münasibətləri aydınlaşdırmaq üçün meşəyə gedərkən bütün motivlər açılır və musiqi alətləri orkestr şəklində musiqini ifa edirlər. Bu da filmə maraqlı ab-hava gətirir. Marş döyüş əhvalını aşılayır”.
   
   Gənclərə dəstək vacibdir
   
   Rejissor E.Əfəndiyev filmin ərsəyə gəlməsinə verilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi: “Bu meydan, bu ekran” layihəsi gənclərin özünü sınaması üçün yaxşı imkandır. Ötənilki müsabiqənin nəticəsi olaraq üç film çəkildi. Fərq etməz, kimin filmi zəif idi, kimin filmi daha uğurlu. Əsas odur ki, iştirak etdik, bacarığımızı ortaya qoymaq imkanı qazandıq”.
   Qarabağ mövzusunu dünyaya çıxarmaq üçün maraqlı filmlərin çəkilməsi olduqca vacibdir. Bu işdə gənc kinematoqrafçılara peşəkar özünüifadə şəraitinin yaradılmasını isə ancaq təqdir etmək olar.
   
   Reyhan İsayeva